Deputatın prokuror oğlu 3 uşaq anasını tutdurdu

Deputatın prokuror oğlu 3 uşaq anasını tutdurdu

27-03-2024 19:17 / Bu xəbər 697 dəfə oxundu

Zəfər Əhmədov işi ağırlaşdırıb məhkəməyə göndərib 

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova martın 27-də məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, Lalə İmaşova həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinib və 9 il azadlıqdan məhrum edilib.

29 yaşlı Lalə İmaşovanın 3 azyaşlı övladı var.

O, istintaq və məhkəmə dövründə azadlıqda idi.

Hökmdən sonra məhkəmə zalında həbs edilərək Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına göndərilib.

Zərərçəkmiş qismində tanınan 37 yaşlı Ceyhun İmaşov məhkəmədə dindirilərkən həyat yoldaşından şikayətçi olduğunu deyib, onun həbs olunmasını istəyib.

Lalə İmaşova isə özünü qismən təqsirli bilib. O bildirib ki, həyat yoldaşını öldürmək fikri olmayıb.

Onun sözlərinə görə, hadisə mübahisə zəminində baş verib. 

Məhkəmədə dindirilən qonşular bildirib ki, 2023-cü ilin yanvarında – hadisə günü səs-küy eşidib, İmaşovların yaşadığı evə gediblər.

Yerdə qan olduğunu, Ceyhun İmaşovun isə həyat yoldaşını yerə yıxdığını görüblər. Onlar ifadələrində deyiblər ki, özlərini çatdırmasalar, Ceyhun İmaşov Lalə İmaşovanı boğub öldürəcəkmiş. 

Bundan başqa, Lalə İmaşova dəfələrlə həyat yoldaşı tərəfindən işgəncələrə məruz qaldığını da deyib. Bununla bağlı işgəncələri əks etdirən fotogörüntülər də var. Lakin nə müstəntiq, nə də prokuror Zəfər Əhmədov (deputat Vahid Əhmədovun oğlu) Lalə İmaşovanın işgəncə faktlarını nəzərə alıblar. 

Əksinə, Qaradağın prokuroru Zəfər Əhmədov Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə açılmış cinayət işini ağırlaşdırıb, maddəni dəyişərək CM-ni 29, 120-ci maddəsi ilə əvəzləyib. 

Lalə İmaşova son sözündə də 3 azyaşlı övladı olduğunu vurğulayaraq, məhkəmədən azadlıqdan məhrum edilməməsini, ona alternativ cəza verilməsini istəyib. Lakin Novruz Kərimovun sədrlik etdiyi, Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası onu Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə təqsirli bilib və 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Lalə İmaşovanın vəkili bu hökmdən apelyasiya şikayəti verəcək.