Deputatlar “Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğvini tələb etdilər

Deputatlar “Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğvini tələb etdilər

16-12-2022 17:39 / Bu xəbər 724 dəfə oxundu

Zahid Oruc Zakir Qaralovu məsuliyyətsizlikdə günahlandırdı

Milli Məclisin dekabrın 16-da keçirilən iclasında deputat, parlamentin insan hüquqları komitəsinin sədri  Zahid Oruc sabiq baş prokuror Zakir Qaralovu "Tərtər işi”nə görə ittiham edib.

Xəbəri APA yayıb.

Zahid Oruc "Tərtər işi”ndəki saxta ittihamnamələrin araşdırılmadığını deyib: "Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını "nağıl” adlandırırdı. Sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov da bircə dəfə o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı”.

Zahir Oruc: "405 nəfəri satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”

Komitə sədri qeyd edib ki, Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olunub:

"Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə "samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”.

Zahid Oruc çıxışı zamanı Hərbi Prokurorluğun ləğv olunması təklif edib: "O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var”.

Qənirə Paşayeva: "Bəraət alanlardan və şəxsən bizdən də üzr istəməlidirlər”

Deputat Qənirə Paşayeva da "Tərtər işi”ndən danışıb və günahkarların cəzalandırılmasını istəyib: "Onlar Tərtər hadisələrindən sonra bəraət alanlardan, şəxsən bizdən də üzr istəməlidirlər. Çünki onların valideynləri gəlib bizə ağlayırdılar, həmin insanların uşaqları məktəbə getməyə utanırdı. Biz bunlarla bağlı müraciət edəndə millət vəkillərini ittiham edirdilər ki, casusları müdafiə edirik”.

Deputat bildirib ki, bu hadisəni törədənlər ortaya çıxmalıdır: "Televiziya ekranlarında əvvəllər necə ittiham edirdilərsə, indi də çıxıb zəhmət çəkib üzr istəsinlər. İnsanlarımızın heç çoxunun xəbəri yoxdur ki, bəraət alanlar var. Onlara işgəncə verənləri cəmiyyət görməlidir. Müstəntiqlər təkrar bu sistemdə çalışacaqlarmı? Onda xalqın bu hüquq sisteminə inamı qala bilərmi? Prezident İlham Əliyevə təşəkkür edirik ki, bu məsələni nəzarətə aldı. O ailələr məhz Prezident bu məsələni nəzarətə götürdüyü üçün haqlarını bərpa edə bildilər. İşgəncə əmrini verənlər, işgəncələri verənlər xalqa göstərilməlidir. Azərbaycan cəmiyyəti o müstəntiqləri görməlidir”.

"Tərtər işi”nin mahiyyəti nədir?

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıblar.

"Tərtər işi” kimi tanınan bu işdə hərbi qulluqçular vətənə xəyanətdə ittiham olunublar.

Sonralar istintaq və dindirilmələr zamanı 11 şəxsin "vətənə xəyanət” adı ilə işgəncələr nəticəsində öldürüldüyü aşkarlanıb.

"Tərtər işi” həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə müzakirələrə səbəb olub.

İşgəncələrə Qarşı Ümumdünya Təşkilatının (OMCT) 2021-ci ildə yaydığı məlumata görə, çoxlu işgəncə halları olan bu hadisələrdə ən az 78 nəfər saxlanılıb və 25 nəfər qapalı keçirilən məhkəmələrdə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

2021-ci ildə həmçinin İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri "Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar.

Onlar bildiriblər ki, 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb.

Onlardan 200 nəfərdən çox şəxsə cinayət işi açılıb, çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb, 11 nəfər isə həlak olub.

Zərərçəkmişlərin ailələrinin və yerli hüquq müdafiəçilərinin uzun illər davam edən etirazlarından sonra 2021-ci ilin dekabrında "Tərtər işi” ilə bağlı yeni istintaq başlanıb. Məlum olub ki, həbs olunan və öldürülən şəxslərin heç birinin günahı sübuta yetirilməyib.

Yenidən istintaq başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb.

Baş Prokurorluq isə yaydığı açıqlamada bildirib ki, əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var.

Prokurorluğun 2022-ci il dekabrın 6-dakı son məlumatına görə, dövlətə xəyanət ittihamı üzrə həbs edilənlərdən 19 şəxsin təqsirləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.