“Gərəkirsə, yüz qapı döy, mütləq biri qapını açacaq” - REPORTAJ

“Gərəkirsə, yüz qapı döy, mütləq biri qapını açacaq” - REPORTAJ

30-11-2020 13:34 / Bu xəbər 2236 dəfə oxundu

28 yaşlı gülərüz, şən, həyat dolu Aytən Xəlilzadə deyə-gülə qapını açaraq bizi içəri, otelyesinə dəvət edir. 

Eyni vaxtda hər səhər onu qapıda qarşılayan pişiyi ilə danışır, ona yemək verməli olduğunu deyir. 

Otelyenin üstündə "Rozsev” yazılıb, həyatındakı iki ən önəmli qadının - ata nənəsinin və anasının adlarının ilk hecalarını birləşdirib. Hələ otelyeni açmazdan çox öncə bu adı düşünübmüş. Danışır ki, bu iki qadın ən böyük dəstəkçisi olub.

Uşaqlıqdan ən böyük arzusu modelyer olmaqmış, yaşıdları gizlənqaç oynayanda o əlinə düşən parça qırıntılarından kuklalarına don tikərmiş. 

"Ata nənəm məni danlayardı ki, çıx küçəyə, qızlarla oyna, az oyna iynə-sapla...” 

Sumqayıt Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tələbə vaxtından modelyer olmaq üçün Azərbaycanda və Türkiyədə müxtəlif kurslara qatılıb, biçmə-tikmə öyrənib. 

Durmadan öz üzərində işləyib ki, bir gün öz otelyesini açsın, öz müştəriləri olsun. İstanbuldakı müəllimlərindən birinin sözünü heç zaman unutmur: "Gərəkirsə, yüz qapı döy, mütləq biri qapını açacaq”. O, qapı döyməkdən, yol axtarmaqdan usanmadığını, arzularını gerçəkləçdirmək üçün çalışdığını söyləyir. 

Aytənin ilk tikdiyi paltarları anası geyinib, ilk müştərilərisə onun ANS telekanalındakı iş yoldaşları olub: "Mən anama son dəbə uyğun paltarlar tikirdim. ANS TV-dəki qadınlar da bəyənirdilər. Mən də sifarişlə onlara paltar tikirdim. Beləcə həm əlim alışırdı, həm də pul qazanırdım. Məni öyrədən ustam deyirdi ki, sən şagird olsan da, paltarı məndən baha tikirsən...”

Aytən Xəlilzadə deyir ki, modelyer üçün tikişi bilmək, dərziliyi bacarmaq çox vacibdir. 

O izah edir ki, bəzən modelyer çəkdiyi paltarın necə tikiləcəyini dərziyə başa sala bilmir, sadəcə "bunu tikməlisən” deməklə kifayətlənir, halbuki onun yolunu da göstərməlidir.  

"Rozsev”ə ayaq basan kimi işıqlı salonda onun əl işi olan ağ, qara, qırmızı rəngdə ziyafət paltarları asıldığını görmək olur. Aralarındakı qısa, sadə bəyaz paltar lap gəlinliyə bənzəyir, qolları saplarla işlənib, "əl əməyi, göz nurudur”. 

Aytən yeni gəlinliyin biçilməsini "mənim sehrbazım” adlandırdığı dərzi ilə müzakirə edir. Məşhur atalar sözündəki kimi tələsmədən, yüz ölçürlər ki, bir dəfə biçsinlər. 

İnstaqramda bu ağ paltarı (haqqında danışdığım paltarı nəzərdə tutur – red.) görənlərdən biri gəlinlik sifariş edib. Parçanı bir yerdə seçdik, həmin geyimdə bəzi dəyişikliklər etdik. 
İndi toy yoxdu axı...

Amma nikahlar var. Nikaha geyəcək bu paltarı. Bu arada pandemiya mənə çox şey öyrətdi.

- Məsələn?

- Məsələn, onlayn işləməyi. Artıq sifarişlərin çoxu sosial mediadan gəlir. Bir də mən daha çox ziyafət paltarı hazırlamağı sevirəm, xüsusən də vauuu effekti yaradan paltarları. Amma indi gündəlik paltarlar da hazırlamağa başlamışam...

- Hətta, deyəsən onlara, uyğun maskalar da dizayn edirsiniz?
 
- Hə.

- Pandemiya işinizə çoxmu ziyan vurdu?

- Biz açılandan az sonra iş yerləri bağlandı, hamı evdə oturdu. Amma dediyim kimi onlayn işləməyə başladım. 

Aytən Xəlilzadə otelyeni açmaq üçün az əziyyət çəkməyib. Deyir ki, işə başlayanda cəmi iki yüngül tikiş maşını varmış. Amma peşəkar tikiş maşınları lazımmış. Çox yollar arayıb. Axtara-axtara USAİD-nin (bu ABŞ Beynəlxalq İnkişaf Agentliyidir) elanlarına rast gəlib. 

"Biznes təlimlərə yüzlərlə qadın müraciət etmişdi. Mən də sənədlərimi yolladım. Hətta onların zəngini gözləməyib özüm müraciət etdim. Onlar həvəsimi görüb elə həmin andaca müsahibəyə çağırdılar. Sonra cavab gözlədim... 

Bilirsiz, həmin gün mənim "Rozsev”imin Rozasının – nənəmin vəfat günü idi. Həmin gün çox kədərli oluram. Amma elə o gün USAİD-dən xoş xəbər gəldi, qəbul olundum” - Aytən Xəlilzadənin üzündə həmin anın sevincini əks etdirən xoşbəxt təbəssüm var. 

Təlimlərdə iştirak edə-edə şəhərin mərkəzində ofis axtarmağa, işini qurmağa başlayır. 

"Hamı mənə deyirdi ki, sən deyən qiymətə ofis tapa bilməyəcəksən. Tapsan da qaranlıq, əlverişsiz yer olacaq. Amma ruhdan düşmədim, axtardım və tapdım! Bu gördüyünüz salon yarıqaranlıq idi, biz pəncərələri dəyişdik, artıq şeyləri götürdük, genişlik yaratdıq. Dostlarım da çox yardımçı oldu. Yeri gəlmişkən, bu gün düz bir ildir buranı açmışıq. Pandemiyaya görə tədbir keçirmirik, qalsın növbəti illərə”.

Bir il əvvəli xatırlayanda açılış günü yaşanan əskikliklərdən də danışır, son anda tədbirdən fotolar çəkməli fotoqraf yoxa çıxır. Amma  Aytən Xəlilzadə danışır ki, heç vaxt ruhdan düşmür, "sən bacarmazsan” sözünü yaxına buraxmır, əksinə "mənə "sən bacarmazsan” deyənlər ən böyük motivasiya verir” söyləyir: 

"Nəhayət açılşdan bir neçə ay sonra - bu il martın 9-da ən gözəl 8 mart hədiyyəsini aldım. Mən iki tikiş maşını istəyirdim. USAİD isə mənə iki tikiş maşını, üstəlik maniken, ütü masası verdi. Artıq rahatca işləmək olar. USAİD pandemiya dövründə kirayə pulunu ödəməkdə də yardım edir. Məndən "işlər necə gedir” soruşanda "Şükr, yaxşıdır” deyirəm. Baxmayaraq ki, pandemiya dövründə uzun zaman işləyə bilmədik. Amma yollar aradıq, onlayn işləməyə başladıq. Əminəm daha da yaxşı olacaq”.

Aytən Xəlilzadənin ən böyük arzusu Azərbaycanda brendə çevrilmək, Avropa bazarına çıxmaqdır. İndi əlçatmaz arzu kimi görünsə də, onun gerçəkləşəcəyinə inanır: "Vaxtilə otelye açmağıma da inananlar az idi. Deyirdilər: "Arxan, daydayın olmasa, çətin bacarasan”. Amma mən bacardım”.

Yaxınlarda sosial layihəyə start verməyi də düşünür. O əlil xanımlara pulsuz-parasız biçmə-tikmə öyrətmək istəyir. Məqsədi iş tapmaqda çətinlik çəkən qadınlara sənət öyrənməkdə, iş-güc sahibi olmaqda yardım etməkdir. 

Bu haqda danışanda gözləri gülür: "Çox həvəslidirlər. Az qala hər gün zəng vurub maraqlanırlar. Hətta çoxu onlara əlil kimi yanaşmamızı istəmirlər.

Mən də demişəm ki, belə fərq yoxdur. Bir yerdə işləyəcəyik, bir yerdə öyrənəcəyik. Qızlardan eləsi var bölgələrdən gəlib, burada kirayədə qalır. İstəyirəm onlara nədəsə köməyim dəysin”. 

Aytənin dəmlədiyi çaydan içə-içə onun çoxsaylı planlarını dinləyirəm, planları, arzuları bitmir.