''Diqlas'' Ticarət Mərkəzi yanıb

''Diqlas'' Ticarət Mərkəzi yanıb

26-03-2019 14:00 / Bu xəbər 2914 dəfə oxundu

Kəmaləddin Heydərov: ''Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir''

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.

Əraziyə Fövqəöladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Binadakı insanlar təxliyə ediliblər.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Ticarət Mərkəzi
Mənbə: Foto: Turan İA

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.

Nazir K.Heydərov jurnalistlərə deyib ki, ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar da yanan maddələrdir:

"Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Yanan ərazi
Mənbə: Foto: ona.az

Jurnalistlərin sahibkarlara kompensasiya veriləcəyi barədə suala nazir Heydərov belə cavab verib:

"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır. Hər bir sahibkar öz malını sığortalamalıdır. Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

Fövqəladə hallar naziri Kamaləddin Heydərov
Mənbə: Foto: ona.az

Yanğının səbəblərinə gəlincə, K.Heydərov bildirib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı müvafiq addımlar atacaq.