DTX casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşını saxladığını deyir

DTX casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşını saxladığını deyir

15-03-2023 17:05 / Bu xəbər 786 dəfə oxundu

Saxlanılan şəxsin hansı ölkənin vətəndaşı olması açıqlanmayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşını həbs etdiyini deyir.

Ancaq DTX yaydığı məlumatda həbs etdiyi 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlunun hansı ölkə vətəndaşı olmasına aydınlıq gətirməyib.

Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Ghaedi Mohammadin Azərbaycan ərazisində casusluq əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

"Toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycanın təhlükəsizliyi zərərinə istifadə etmək üçün məlumatların toplanılması müəyyən edilib. Həmçinin həmin məlumatların verilməsinin təşkili, Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması aydınlaşıb. Bundan əlavə, onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub”, – deyə DTX əlavə edib.

Məlumatda Ghaedi Mohammadin Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi qeyd olunub.

Şəxsin hansı ölkənin vətəndaşı olması bəlli olmadığı üçün həmin ölkənin diplomatik nümayəndəliyi ilə də əlaqə saxlamaq mümkün olmayıb.

Bundan başqa, saxlanılan şəxsin ittihama münasibəti də aydın deyil.