DTX: “Sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə hərbi texnikalar daşınır”

DTX: “Sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə hərbi texnikalar daşınır”

24-11-2022 15:04 / Bu xəbər 902 dəfə oxundu

Ceyhun Şadlinski həmin ərazilərdə təxribatlara şəraitin yaradılmasını da istisna etməyib

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə hərbi texnikalar daşınır.

Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında "Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransında DTX rəisinin birinci müavini Ceyhun Şadlinski səsləndirib.

O bildirib ki, həmin ərazilərdə müxtəlif təxribat xarakterli tədbirlərin həyata keçirilməsinə şərait yaradılması da diqqət çəkir:

"İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirirlər. Bu istiqamətdə lazımi tədbirlər görülür”.

Məlumatı Azərbaycan Təhlükəsizlik Xidmətinin rəsmi saytı yayıb.

Deyilən fikirlərlə bağlı Rusiya sülhməramlı kontingenti və Ermənistanın rəsmi qurumlarından hər hansı açıqlama gəlməyib.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən İkinci Qarabağ müharibəsi 10 noyabr bəyanatı ilə sonlanıb.

Bundan sonra 3-ü böyük olmaqla, dəfələrlə tərəflər arasında atəşkəs rejimi pozulub.

Hər iki tərəfdən həyatını itirənlər, yaralananlar olub. Bütün bu hadisələrdə bir-birini günahlandıran tərəflər müxtəlif bəyanatlar yayıb, həmin məlumatlarda bir-birlərini sülh istəməməkdə suçlayıblar.

Ən son noyabrın 23-də Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, Azərbaycan tərəfin açdığı atəş nəticəsində hərbçisi yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək "yalan” olduğunu bildirib.

Ceyhun Şadlinski həmçinin bildirib ki, tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı əks qüvvələr maneçilik törətməyə çalışır:

"Ermənistanın silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır”.

Ermənistan Baş naziri Nikol Paşinyan isə hər dəfə çıxışlarında Azərbaycan tərəfi sülhə gəlmək istəməməkdə suçlayır.

O buna əsas olaraq Ermənistan hökuməti tərəfindən dövriyyəyə buraxılan Ermənistan-Azərbaycan sərhədində buraxılış məntəqələrinin açılmasını göstərir:

"Yerevan bu cür rabitəni təmin etməyə hazırdır, lakin bu qərar nədənsə qəbul edilmir. Görünür, Azərbaycan bu yolu istəmir. Bu, o deməkdir ki, Ermənistan üzərinə düşən öhdəliyi tam yerinə yetirib. Sadəcə, Azərbaycan fürsətdən istifadə etmək istəmir”.

"Əgər Azərbaycan, həqiqətən də, sülh istəyirsə, buna hazırdırsa, gəlin o pasport nəzarət məntəqələrini açaq”, – Nikol Paşinyan bildirib.