Əhməd İsmayılov da "könüllü dəstələr" yaradır
19-03-2023 00:47 / Bu xəbər 1357 dəfə oxundu
Martın 18-də Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.
Bu barədə MEDİA Agentliyi məlumat yayıb.
"Görüş zamanı Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən, media sahəsində kadr potensialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb", - deyə xəbərdə bildirilir.
O, gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən da bəhs edib. Amma bu tədbirlərin nədən ibarət olduğu mediaya açıqlanmayıb.
Bildirilir ki, görüş struktur bölmə rəhbələri və könüllülər arasında müzakirə ilə davam edib.
"MEDİA könüllüləri proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır", - məlumatda bildirilir.
Medianın İnkişafı Agentliyi nə vaxt yaranıb?
Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvarında yaradılıb.
3 ildir yaransa da, nizamnaməsində yazılan Müşahidə Şurası hələ mövcud deyil.
Nizamnaməyə əsasən, Şuranın 4 üzvü olmalıdır və bu üzvləri prezident təyin etməlidir, amma bir il müddətində prezident bu üzvləri təyin etməyib.
Müşahidə Şurası hansı işləri görməli idi?
Nizamnaməyə görə, Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;
İcraçı direktorun fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır;
Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
İcraçı direktorun iki müavinini də prezidentin təqdimatı ilə vəzifəyə təyin edib, vəzifədən azad edir.
Müşahidə Şurasının indiyə qədər yaradılmaması Agentliyin şəffaf fəaliyyət göstərmədiyini aydın göstərir. Çünki Əsasnamədə göstərilir ki, mediaya ayrılan vəsaitlərə məhz Müşahidə Şurası nəzarət etməlidir.
İndiyə qədər mediaya ayrılan büdcə vəsaitlərinin icraçı direktorun tapşırığı ilə verilməsi və digər tədbirlərin görülməsi də şəffaflığı sual altına alır.