Ekspertlərdən Milli Məclisin "casus media" təklifinə reaksiya
17-11-2017 20:37 / Bu xəbər 3026 dəfə oxundu
"Şəxsin parlamentdə belə bir təklif irəli sürməsi konstitutsiyanın müddəalarını bilməməsindən irəli gəlir".
Azərbaycanda xarici ölkələrdən maliyyələşən KİV-lərin "casus" hesab olunmasını nəzərdə tutan qanunun qəbul edilməsi təklif edilib.
Bu qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər "xarici agent" hesab olunacaq.
"Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”, – deyə deputat Aqil Abbas bildirib.
Media eksperti Ələsgər Məmmədli Toplum.Tv-yə açıqlamasında deyib ki, medianın haradan maliyyələşməsinə yox, necə fəaliyyət göstərməsinə baxmaq lazımdır: "Azərbaycanda onsuz da qanunvericiliyə görə xarici şəxslər tərəfindən media orqanı təsis etmək qadağandır".
"KİV-lərin 30%-dən çoxunda xarici pay varsa, o, xarici media orqanı hesab olunur. Qaldı ki xarici KİV-lərin Azərbaycanda birbaşa fəaliyyətinə, onsuz da bu, mümkün deyil. Çünki Azərbaycanda Xarici İşlər Nazirliyinin müəyyən etdiyi qaydada mütləq akkerditasiya olunmalıdır. Bu, bir növ lisenziya kimi fəaliyyət göstərir. Yəni, sadəcə, xaricilərə təklif olunmur, eyni zamanda xarici media qurumlarının azərbaycanlı əməkdaşlarına da tətbiq olunur”, - ekspert bildirib.
Ekspertin fikrincə, Azərbaycan hökuməti Rusiyada tətbiq olunmasına qərar verilmiş qanunvericiliyi daha tez tətbiq etməyə çalışır: "Onu da vurğulayım ki, bunu qanunsuz tətbiq edirik. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya edib və Konvensiyanın 10-cu maddəsi (ifadə azadlığı) hər kəs üçün hüquq tanıyır. Hər kəsə tanınan hüququn istifadəsini, sadəcə, Azərbaycan vətandaşlarına tanıyıb, digərlərinə tanımamaq Konstitusiyamıza ziddir. Azərbacan Respublikası Konstitusiyasında beynəlxalq aktların hüquqi qüvvəsi üstündür. Bu baxımdan da hər hansı şəxsin parlamentdə belə bir təklif irəli sürməsi Konstitusiyanın müddəalarını bilməməkdən doğur. Əgər onlar dönüb istər konvensiyaya, istərsə də Konstitusiyanın 50-cı, 71 və ya 151-ci maddələrinə baxsaydılar, görərdilər ki, Azərbaycanda hüquq və azadlıqlar konvensiyada, o cümlədən Konstitusiyada müəyyən olunan qaydadan artıq məhdudlaşdırmaq yolverilməzdir. Hətta bunu irəli sürmək, iddia etmək belə 71-ci maddədə qanunverici orqanlara qadağan olunub".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli Toplum Tv-yə bildirib ki, Azərbaycan mediasının xaricdən dəstək ala bilməməsi qanunda əksini tapıb.
Onun sözlərinə görə, bu mövzu mübahisələndirilən mövzudur, amma Azərbaycan mediası üçün açıq deyil: "Mən fikirləşirəm ki, müəyyən dövrdən sonra Azərbaycan mediası da açıq olacaq. Necə ki digər sahələrdə istənilən xarici şəxs gəlib bazarda sərmayə qoya bilər, nədən bu mediada da olmasın. Belə bir şey olsa, bu medianın inkşafına gətirib çıxarar”.
Yadigar Məmmədli ümid edir ki, Azərbaycanda da qanunvericilik bu sadədə müəyyən dövr sonra liberallaşacaq.