Abutalıbovun Bakıdakı milyonluq “mükafat”ı əlindən alındı
31-12-2016 12:40 / Bu xəbər 3102 dəfə oxundu
Merin oğlunun şirkətinə verdiyi "Azadlıq” meydanındakı nəhəng yeraltı avtomobil dayanacağı özəlləşdirilir; 2016 paytaxt rəhbəri üçün niyə çətin il oldu...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətində olan parkinqlər özəlləşdirilməyə çıxarılıb. Bunlardan biri "Azadlıq” meydanındakı, digəri isə Füzuli küçəsindəki (Qış bağının altındakı) yeraltı avtomobil dayanacaqlarıdır.
Hər iki kifayət qədər gəlirli parkinq 2014-cü ildən məhz BŞİH-in nəzdində fəaliyyət göstərirdi. Bakının iki böyük yeraltı dayanacağının özəlləşdirilməyə çıxarılmasını media paytaxt merinin gəlirli biznesinin əlindən alınması kimi izah edir.
Məlumdur ki, Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə olunur. Paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı məsələlər də BŞİH səlahiyyətlərindən çıxarılıb. Paytaxtın nəqliyyat sahəsindən uzaqlaşdırılan mer indi daha bir əhəmiyyətli qazanc yerini də itirir.
Hacıbala Abutalıbov "Azadlıq” meydanındakı dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağının oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verdiyi barədə iddialar yeni deyil. Bildirilirdi ki, "Azadlıq” meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağı işə düşən kimi merin oğlunun şirkətinin adına rəsmiləşdirilib. Dayanacağın Abutalıbovun oğluna verilməsi merin "Qış parkı” layihəsini uğurla başa çatdırmasının əvəzində "mükafat” kimi qiymətləndirilirdi. Nəqliyyat Nazirliyi hələ o zaman sözügedən dayanacaqların icarəyə götürüldüyünü təsdiqləsə də, şirkətin adını açıqlamadı. Bu dayanacaqda qiymətlər isə 3-6 manat arasında olub.
"Azadlıq” meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağı
Yeri gəlmişkən, təkcə bu il Abutalıbov paytaxtda tikinti ilə bağlı məsələlərin həllindən də əhəmiyyətli dərəcədə uzaqlaşdırıldı. Belə ki, prezidentin tikinti ilə bağlı sənədləşmənin sadələşdirilməsi ilə bağlı imzaladığı bir neçə sərəncamlarla Abutalıbovun səlahiyyətləri əhəmiyyətli dərəcədə azadıldı. Bakı meri indi tikintidə də əvvəlki hökmranlığı qalmayıb.
Media yazır ki, BŞİH Təsərrüfatı Departamentində bəzi qurumlar da ləğv edilir. Bakı Şəhər Yollarının İstismarı İdarəsinin də səlahiyyətlərinin əlindən alınması planlaşdırılır.
Milli Məclis "Abutalılbovun biznesi” adlandırılan uşaq bağçalarının özəlləşdirilməsi məsələsini də ilin sonunda gündəmə gəlmişdi. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bağçaların özəlləşdirilməsin nəzərdə tutan "Məktəbəqədər təhsil haqqında” Qanun layihəsini də hazırlanmışdı. 2011-ci ildən BŞİH-in səlahiyyətlərinə verilən bağçaların özəlləşdirilməsi Abutalıbovun daha bir gəlirli sahəyə nəzarəti itirməsi demək olacaqdı.
Amma nədənsə, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi barədə təklif layihədən son anda çıxarıldı. Bildirildi ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa "ictimai narazılıq, o cümlədən deputatların etirazı səbəbindən” layihə ikinci oxunuşda hazırlanarkən ləğv edilib. Abutalıbovun hansı "sehrli çubuğu” ilə buna nail olduğu sirr kimi qaldı. Amma o sirri deyil ki, ictimaiyyət bağçaların özəlləşdirilməsindən deyil, buradakı rüşvət və korrupsiyadan narazıdır.(Yeni Musavat)