Ziya Məmmədovu nə gözləyir: Əli İnsanovun taleyi, yoxsa vəzifə?..
14-02-2017 18:12 / Bu xəbər 4445 dəfə oxundu
Fevralın 13-də prezident İlham Əliyevin iki nazirliyi birləşdirməsi ilə bağlı sərəncamı gündəmin əsas müzakirə mövsusuna çevrilib. Bir çoxları, xüsusən də hakim komanda rəsmləri bu addımları islahat kimi təqdim edir və bu davamlı olacağını deyirlər. Doğrudanmı, bu addımlar indiki siyasi-iqtisadi dönəmdə islahat sayıla bilərmi?
Fəzail Ağamalı: "Bu addım ölkə prezidentinin siyasətinin məntiqindən doğur”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Toplum TV-yə bildirib ki, bu prosesin davam edəcəyini gözlənilir:
"Ölkə prezidenti bütün istiqamətlərdə dərin xarakter daşıyan islahatlara artıq keçən ilin əvvəllərindən start verib. Bunların içərisində struktur dəyişikliyi də təbii ki, xüsusi yer tutur. Bu baxımdan Nəqliyyat Nazirliyinin ləğv edilib Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsi həmin məntiqə söykənir. Düşünürəm ki, bu, idarəçilik sisteminin təkmilləşdirilməsinin mahiyyətindən irəli gəlir. Nəqliyyat Nazirliyi zamanında öz üzərinə düşən vəzifəni yerinə yetirib, dövlət qurumu olaraq fəaliyyətini qurub, indi isə artıq bu və buna bənzər qurumların digər dövlət qurumları ilə birləşməsi prosesinə start verilib. Düşünürəm ki, bu proses bundan sonra davam edəcək. Bir sıra nazirliklərin və komitələrin birləşdirilməsi gözlənilir, əlavə strukturların ləğv edilməsi gözlənilir. Bu baxımdan, ölkə prezidentinin atmış olduğu bu addım tamami ilə ölkə prezidentinin siyasətinin məntiqindən doğur və əminəm ki, gözlənilən nəticələrini verəcək”.
Natiq Cəfərli: "Gələcəkdə də buna bənzər atdımların atılması mümkündür”
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, ölkənin indiki maliyyə durumu və iqtisadiyyatın indiki vəziyyətinin optimallaştırılması və effektivliyinin artırılması yolu ilə bəzi dəyişikliklərə nail olmaq olar:
"Artıq problemlər iqtisadi müstəvidən və konteksdən çıxıb. İdarəetmədə və isarəetmənin yanaşmasında, fəlsəfəsində dəyişikliklərə, effektivliyin artmasına ehtiyac yaranıb. Bu, baş verəcəksə, iqtisadiyyatda atılan addımların müəyyən effekt verəcəyini düşünmək olar. O nöqteyi nəzərdən nazirliklərin, dövlət idarələrinin ləğv olunması və yaxud birləşdirilməsi idarəetmənin effektivliyinin artırılması üçün mühüm addımlardan biridir. Bu həm də büdcə xərclərinə ciddi qənaət etməyə imkan yaradacaq, həm də idarəetmənin effektivliyinin artırılması üçün ilkin addım kimi dəyərləndiriləcək. Düzdür, bundan sonra nazirliklərin, konkret olaraq yeni yaradılmış nazirliyin hansı addımları atacağına baxmaq lazımdır. Amma ən azından ilkin addım kimi idarəetmənin optimallaşdırılması nöqteyi-nəzərindən doğru addımdır və gələcəkdə bunun davamı olmalıdır mütləq. Çünki hökumət kiçik və effektiv olmalıdır. Kiçik və effektiv hökumət modeli idarəetmənin optimallaşdırılması üçün çox mühim bir addımdır. Bu həm biznesə olan basqıları azaltmağa, həm idarəetmənin effektivliyinin artırılmasına gətirib çıxarda biləcək amillərdən biridir. Mənə elə gəlir ki, büdcə xərclərinin azaldılması yolunda, büdcəyə olan artıq yükün aradan qaldırılması yolunda gələcəkdə də buna bənzər atdımların atılması mümkündür. Sadəcə, burada çox ciddi bir problem bundan ibarətdir ki, böyük neft pulları dövründə dövlət və hökümət aparatı süni olaraq kifayət qədər böyük həcmdə şişirdilib. Təqribən 920 minə yaxın insan büdcədən maliyyələşən dövlət və hökumət qurumlarında işləyirlər. İndi bu idarəetmənin optimallaşdırılması baş verəcəksə, kifayət qədər işsizliyin yaranması ehtimalı da artır. Mənə elə gəlir ki, hökuməti çəkindirən amillərdən biri də budur. Amma bunun da çıxış yolları var. Əgər biznes daha sərbəst və azad olacaqsa, rəqabət mühiti yaranacaqsa həmin sahələrdə çalışan insanların bir qismi öz fəaliyyətlərini özəl sektorda, biznes strukturlarında davam etdirə biləcəklər. Bunun üçün isə iqtisadi aktivliyin artması vacibdir. Yəni işlərin hamısı paralel getməlidir. Bir tərəfdə hər hansısa bir iş görüb, digər tərəflərdə, digər istiqamətlərdə heç bir addım atılmasa bunun effektivliyi də azalacaq və bu sosial gərginliyin artmasına əksinə xidmət edəcək”.
Azər Rəşidoğlu: "Hakimiyyətdaxili mübarizənin təzahürüdür”
Politoloq Azər Rəşidoğlu isə Toplum.Tv-yə bildirib ki, baş verənləri struktur islahatları kimi qələmə vermək imkansızdı:
"Bu daha çox hakimiyyət daxili quruplaşmaların biri biri ilə savaşının təzahürü kimi meydana çıxıb.Dünyanın bir çox ölkələrində, o cümlədən də Avropa ölkələrində Nəqliyyat və Rabitə Nazirliyi eyni qurumda olur. Ancaq Azərbaycanda bir qədər fərqli yanaşma mövcudur. Belə ki, baş verənləri struktur islahatları kimi qələmə vermək imkansızdı, bu daha çox hakimiyyət daxili quruplaşmaların biri biri ilə savaşının təzahürü kimi meydana çıxıb. Birləşmiş nazirliyinin rəhbərliyinə vaxtı ilə Heydər Əliyev Fondunda işləmiş bir firurun gətirilməsi onu deməyə əsas verir ki, hakimiyyət daxilindəki qruplaşma maliyyə sferalarındaki nəzarəti ələ keçirdikdən sonra indi strateji postların hamısına nəzarət etmək istəyir. Məhz bu hakimiyyət daxili mübarizənin bir təzahürüdür. Digər tərəfdən Ziya Məmmədovun gələcək taleyi ilə bağlı hələ ki suallar açıq qalır. Güman etmirəm ki, Ziya Məmmədov tamamilə kənarda qalacaq. Ehtimal var ki, hansısa bir postla təmin olunacaq. Baxmayaraq ki, Ziya Məmmədovun maliyyə imperiyası xeyli dərəcədə çökdürülmüşdü, amma əlində hələ də az olmayan maliyyə vəsaiti və çevik qruplaşması var. Bu baxımdan o, ya Əli İnsanovun taleyini yaşamalıdır və yaxud hakimiyyət onu narazı salmamalıdır. Bu baxımdan onun bir post, vəzifə tutacağını istisna etmirəm. Düzdür, Ziya Məmmədov geniş mənada narazılıq da edə bilməz, əgər narazılıq edəcəksə, onun əlində qalan maliyyə vəsaitindən də məhrum edilməsi və həbs edilməsi gözlənilir. Ancaq ən real ehtimal odur ki, o ya hər hansısa bir ölkəyə səfir göndəriləcək və yaxud baş nazirin muavini, vitse-prezident və yaxud hansısa bir postla təmin olunacaq”.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama görə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
İlham Əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Əli Zeynal