Eldar Həsənov həbs olundu

Eldar Həsənov həbs olundu

13-08-2020 18:08 / Bu xəbər 11553 dəfə oxundu

DTX faktla bağlı məlumat yayıb

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbs olunub.

Dövlət Təhlükəsizlik Xidməti avqustun 13-də bu barədə məlumat yayıb.

Bildirilib ki, maliyyə yoxlamaları zamanı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Məlumatda xatırlanır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs-qətimkan tədbiri seçilib.

"Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib”.

Eyni zamanda, cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi qeyd olunub.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru

vəzifəsində çalışıb. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib, 2013-cü ilə qədər bu ölkədə çalışıb. O, 2013-cü ildən Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada səfiri vəzifəsində çalışır.