Ələsgər Məmmədli həbsdə qaldı

Ələsgər Məmmədli həbsdə qaldı

15-03-2024 16:42 / Bu xəbər 761 dəfə oxundu

"Məhkəmə belə qərar veribdir ki, onun azadlığa buraxılması məqsədə uyğun sayılmasın"

Martın 15-də Bakı Apelyasiya Məhkəməsi Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin apellyasiya şikayətini təmin etməyib.

Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədlinin "Amerikanın Səsi"nə verdiyi məlumata görə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Onun sözlərinə görə, müdafiə tərəfi Apelyasiya instansiyasından Xətai Rayon Məhkəməsinin Ələsgər Məmmədli barəsində istintaq dövrü üçün seçdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarının ləğvi xahiş edilib.

"Məhkəmədə hələ ki, arqumentləri bilmirik. Bizim şikayətimiz təmin edilmədi. Məhkəmə belə qərar veribdir ki, onun azadlığa buraxılması məqsədə uyğun sayılmasın. Amma necə əsaslandırılması ilə bağlı hələlik konkret məlumat yoxdur”, - Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhətində çox ciddi problemlər var.

"Bir sıra həkim rəyləri, qan analizləri, və s tibbi yolla əldə edilmiş sübutlar məhkəməyə təqdim edilmişdir. Təəssüf ki, məhkəmə nə hümanizm prinsipinə, nə qanunun aliliyi məsələsinə əməl etmədi. Ələsgər bəy qanunsuz olaraq yenə də içəridə saxlanılıb”, - o əlavə edib.

Öz növbəsində Əlsəgər Məmmədlini müalicə edən həkim Aydın Əliyev bildirib ki, onun səhhətində problemlər qalmaqda davam edir.

"Həqiqətən, həyacan təbili çalınacaq bir vəziyyətdir. Qalxanabənzər vəzidə 3 mm -lik xərçəngə şübhəli düyün var. Belə ki, 50-75 faizlik xərçəng şübhəsi var. Mütləq şəkildə diaqnozu dəqiqləşdirmək üçün iynə biopsiyası olmalıdır. Çox təəssüflər olsun ki, hələ buna şərait yaradılmayıb. Əgər xərçəng xəstəliyi olmuş olarsa bəzən o çox sürətlə irəliləyib, digər orqanları zədələyə bilər. İnsanın həyatı üçün çox təhlükə yarada bilər. Bundan başqa digər sağlıq problemləri də var. Qaraciyər və sairə barədə. Amma birinci növbədə bədxassəli törəmə ehtimalı qalxanabənzər vəzidə var”, - həkim Aydin Əliyev qeyd edib.

Hüquq müdafiəçisi Samir Kazımlı "Amerikanın Səsi"nə bildirib ki, Ələsgər Məmmədlinin və siyasi motivlərlə həbs edilən digər şəxslərin həbsi yanlış və təəssüfləndirici haldır.

"Hakimiyyətin bu yanlışı aradan qaldırmaq şansı var idi. Amma təəssüf ki, bu yanlışı davam edərək Ələsgər Məmmədli kimi bir ziyalını həbsdə saxladılar. Amma hakimiyyətin yanlış addımlarını aradan qaldırmaq şansları hələ də var. Odur ki, hakimiyyəti Ələsgər bəyi və siyasi motivlərlə həbs edilmiş digər şəxsləri həbsdən buraxmağa çağırıram", - Samir Kazımlı deyib.

Onun sözlərinə görə, yerli və beynəlxalq ictimaiyyət bu cür həbsləri yaxşı qarşılamır.

"Hakimiyyətin belə həbsləri həyata keçirməsi beynəlxalq aləmdə Azərbaycana ziyan gətirir. Buna görə də vaxt itirmədən həbsdəki siyasi məhbusları azadlığa buraxmaq lazımdır", - o əlavə edib.

"Amerikanın Səsi"nə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"la əlaqələndirib.

ABŞ və Böyük Britaniya, Fransa həbslərlə bağlı "dərin narahatlıq" ifadə edib, "Freedom House", Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar da daxil olmaqla, çoxsaylı beynəlxalq təşkilatlar həbsləri pisləyib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 

O, qaçaqmalçılıqda ittiham olunub.

Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. 

Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. 

Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.