Əli Kərimli: "Hər bir təbii fəlakət, faciə həm də dərsdir"

Əli Kərimli:

07-02-2023 00:21 / Bu xəbər 1054 dəfə oxundu

"Göz yaşları içində verilən acı bir dərs. Ağıllı adamlar şəxsən öz başlarını divara vurmadan,  başqalarının başına gələnlərdən nəticə çıxarır. Qardaş Türkiyə siyasətçilərinin bütün bu baş verənlərdən nəticə çıxaracağına ümid etmək istəyirəm. Ancaq əminəm ki, Azərbaycan hakimiyyətinin də nəticə çıxarmalı olduğu ciddi məsələlər var". 

Azərrbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Türkiyədə baş verən təbii fəlakətlə bağlı belə yazıb.

Fevralın 6-da, saat 4 radələrində Türkiyədə zəlzələ baş verib. 

Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, Kahramanmaraş mərkəzli 7,4 bal gücündə zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniyedə dağıntılara səbəb olub. 

Son məlumata görə, zəlzələ nəticəsində 2316 adam həyatını itirib, 12 min nəfər isə yaralanıb. 

Əli Kərimli deyir ki, Azərbaycan hakimiyyəti də baş verənlərdən dərs çıxarmalıdır: "Azərbaycan hakimiyyəti unutmamalıdır ki, Bakı və Azərbaycan ərazisinin xeyli hissəsi həssas seysmik zonada yerləşir. Bu halda Bakıdakı inşaat işlərindən Respublika Seysmoloji Xidmət Mərkəzinin uzaqlaşdırıldığını necə başa düşmək olar? Ölkədəki tikintilərin əksəriyyyətinin seysmoloji standartları nəzərə almadan aparıldığını güman edirdim. Ancaq bu qədərini - Respublika Seysmoloji Xidmət Mərkəzinin tikinti işlərindən uzaqlaşdırılmasını açığı, mən də təsəvvür etmirdim". 

"Hökumətin bu hərəkəti insanlarımızın həyatına qarşı çox ciddi məsuliyyətsizlikdir və dərhal aradan qaldırılmalıdır. Nə vaxta qədər xalq olaraq yalnız "Allah ümidinə" yaşamalıyıq? Bakıdakı sürüşmə zonasında tikilmiş hündürmərtəbəli binaların da, yeraltı suların qalxdığı ərazilərdəki tikililərin də riskə davamlılığı ciddi şəkildə və mütamadi qaydada yoxlanılmalıdır. Zəlzələ riskinə hazır görülməyən bütün hündürmərtəbəli binalar xüsusi dövlət proqramı ilə sökülməli və həmin binaların sakinləri üçün zəlzələyə davamlı yeni binalar tikilməlidir. Ətrafımızda baş verən hər bir faciənin həm də bizim üçün xəbərdarlıq olduğunu unutmayaq!", - deyə Kərimli bildirib.