Əli Kərimli: "İlham Əliyevin sərəncamı "yarımçıq əfv”dir…"

Əli Kərimli:

08-05-2023 14:08 / Bu xəbər 1103 dəfə oxundu

Prezident İlham Əliyev mayın 8-də əfv sərəncamı imzalayıb və sərəncam 801 məhkuma şamil olunub.

Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli əfv sərəncamını tənqid edib. 

O deyib ki, İlham Əliyevin əfv sərəncamı başdan-ayağa ictimaiyyətə hörmətsizlikdir.

AXCP sədri bu barədə "Facebook” hesabında yazıb.

Kərimli hesab edir ki, siyasi məhbusların azadlığa buraxılmaması hakimiyyətin repressiya siyasətinə sadiq qalmasından xəbər verir: "Əvvəla, ona görə ki bu günlərdə hər hansı əfv sərəncamı olacaqdısa, bu, 28 Mayda –  dövlətimizin qurulmasının 105-ci ildönümü münasibətilə olmalı idi. Dövlətin quruluş yubileyi necə ata yubileyinə qurban verilə bilər? Bu sərəncam ailə hakimiyyəti maraqlarını dövlət maraqlarının önünə keçirməyin parlaq nümunəsidir. İkincisi, ölkənin həbsxanalarında 100 nəfərdən xeyli artıq siyasi məhbus varkən, əfv sərəncamı ilə  801 məhbus azad edilirkən, yalnız 2 nəfər siyasi məhbusun azad edilməsi  rejimin repressiya siyasətinə sədaqətinin nümayişidir”.

"Yeri gəlmişkən, əfv sərəncamı ilə azad ediləcək siyasi məhbuslar Əli Əliyev və Elçin Məmmədi təbrik edirəm. Bu "əfv” sərəncamı  həm də onun mesajıdır ki,  İlham Əliyev zorla, həbslə, repressiya ilə idarə etmək siyasətindən məcbur olmadıqca  imtina etməyəcək. Ancaq məcbur olanda o, xeyli siyasi məhbusu bir sərəncamla azad edə bilir”, – Əli Kərimli vurğulayıb.

Əli Kərimli İlham Əliyevin imzaladığı bu sərəncamı "yarımçıq əfv” adlandırıb: "Bu yarımçıq əfv  sərəncamı nəinki ailə hakimiyyətini, eləcə də "tələsməyin, zaman keçdikcə hakimiyyət də yavaş-yavaş dəyişəcək" deyərək insanları fəal mübarizədən çəkindirən "çoxbilmişləri", intellektual yaltaqları,  müxtəlif bəhanələrlə rejimi dəstəkləyənləri də ifşa etmiş oldu. Bu yarımçıq əfv sərəncamı bir də İlham Əliyevi alqışlaya-alqışlaya tədrici islahatlara sövq edəcəyini iddia edən bəzi beynəlxalq dairələrin də yanaşmasının səhv olduğunu ortaya çıxardı. Ancaq baş verən bütün neqativlərə rəğmən, unutmayaq ki, ən çətin vəziyyətlərdən də çıxış yolu  var. Hazırki acınacaqlı vəziyyətdən çıxış yolu isə xalqımızın yalan vədlərə inanmadan, heç kimə ümid olmadan, öz gücünə inanaraq, təşkilatlanmış şəkildə azadlıq və ədalət mübarizəsinə qoşulmasıdır". 

Azərbaycanda sonuncu dəfə Əfv Sərəncamı 2022-ci ilin 27 mayında imzalanmışdı.