Əli Kərimli İranda həbs edilən tələbədən yazdı: "İndi hamınız əmin oldunuzmu..."
03-08-2023 15:21 / Bu xəbər 923 dəfə oxundu
"İranda həbsdə olan (girov saxlanılan da deyə bilərik) gənc soydaşımız Fərid Səfərlinin son faciəli durumundan xəbəriniz varmı? Yoxsa biz də hakimiyyət kimi dara düşmüş soydaşımızı artıq unutmuşuq? "Casusluq niyyəti" kimi ağır cinayətdə ittiham olunan soydaşımız hələ də vəkilsiz və tərcüməsiz qalıb".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə yazıb.
Fərid Səfərli Almaniyanın Yena universitetinin tələbəsidir.
Bu ilin 20 fevralında tanış olduğu qızın ardınca Tehrana gedib.
Əli Kərimli bildirib ki, o, İran hakimiyyəti tərəfindən şərlənib həbs olunub: "Fərid açıq-aşkar Azərbaycan-İran arasında yaranmış gərginliyin qurbanlarından biridir. Fərid İran hakimiyyəti tərəfindən o zaman şərlənib həbs olunub ki, Azərbaycan hakimiyyəti növbəti dəfə millətçi maskası taxmışdı. İlham Əliyev 40 milyon azərbaycanlının hüquqlarından danışmışdı. Sadəlövh adamları inandırmaq istəyirdilər ki, Azərbaycan Respublikasında 10 milyon azərbaycanlının hüquqlarını hər gün tapdalayan Əliyev hakimiyyəti guya İranda, Cənubi Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşımızın hüquqlarını qoruyacaq".
"Biz, əlbəttə ki, bu siyasətin mövsümi bir siyasət olduğunu, siyasi manipulyasiya olduğunu bilirdik və xalqımıza da deyirdik. İrandan qaçıb Azərbaycana pənah gətirmiş 100-lərlə Azərbaycanlı fəala Azərbaycandakı rejimin sığınacaq vermədiyini də unutmamışdıq. Ancaq özünü aldatmağa meylli olan bəzi soydaşlarımız özlərini inandırmışdı ki, hakimiyyət artıq İranda yaşayan azərbaycanlıların da hüquqlarını qoruyacaq. Təəssüf ki, bu sadəlövh ümidlər özünü doğrultmadı. Azərbaycandakı rejim İran hakimiyyətilə barışmağa başlayan kimi Cənubi Azərbaycan fəallarının Azərbaycanda hətta toplantılar keçirməsi də qadağan olundu", - Əli Kərimli belə deyib.
"İndi isə qayıdaq İranda girov saxlanılan Fərid Səfərlinin son durumuna. Fəridin anası xalqımıza ürək parçalayan videomüraciət ünvanlayıb. O öz müraciətində açıq deyir ki, Azərbaycan hakimiyyəti öz vətəndaşını - Fəridi sahibsiz qoyub. Təsəvvür edin ki, ağır cinayətdə ittiham olunan Fəridə hələ heç vəkil də tutulmayıb. 40 milyon azərbaycanlıya sahib çıxmaqdan dəm vuranlar "İranda vəkil tutmaq bahalıdır" bəhanəsilə Fəridə hələ heç vəkil də tutmayıblar. Mühakimə olunan şəxsin ən elemantar hüquqlarından olan tərcüməçi ilə də təmin olunmayıb Fərid. Fəridin və ailəsinin əzablarını təsəvvür etməyə çalışın. Heç bir cinayət törətməmiş Fərid Azərbaycan-İran dövlətlərarası münasibətinin gərginləşməsinə görə (dövlətinin qurbanı olaraq) şərlənib həbs olunur və dövləti onun arxasında durmur. Onu hətta vəkil və tərcüməçi ilə də təmin etmir. İndi hamınız əmin oldunuzmu ki, rejimin milli hüquqların müdafiəçisi maskası taxması siyasi manipulyasiyadan başqa bir şey deyildi? Unutmayın ki, korrupsionerlərdən millətçi çıxmaz!" - AXCP sədri qeyd edib.
"Yeri gəlmişkən, Fərid bəy Azərbaycan-İran münasibətlərində yaranmış gərginliyin yeganə qurbanı deyil. Bu dalğada Azərbaycanda xeyli sayda inanclı insan da, İranda isə xeyli sayda azərbaycanlı milli fəal da şərlənərək həbs olunub. İndi yayılan xəbərlərdən məlum olur ki, Azərbaycan və İran hakimiyyətləri artıq barışırlar. Bir halda ki, rejimlər barışır, zəhmət olmasa aranızdakı gərginliyin qurbanı olaraq həm Azərbaycan Respublikasında, həm də İranda şərlənərək həbs olunmuş sadə azərbaycanlıları da azad edin. Xalqımız isə Fərid Səfərli və Azərbaycan - İran arasındakı gərginliyin digər qurbanlarını gərək unutmasın və unutdurmasın. Bütün siyasi məhbuslara azadlıq!" - deyə Əli Kərimli fikrini tamamlayıb.
Fərid Səfərli nə vaxt saxlanılıb?
Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.
Anası deyib ki o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.
Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.
Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.
O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.
Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.
XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.
İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.