“Əli və Nino”nun ofisi qarət olunub

“Əli və Nino”nun ofisi qarət olunub

16-02-2021 18:25 / Bu xəbər 3721 dəfə oxundu

Nigar Köçərli: "Vilayət Eyvazova müraciət edəcəyik”

Fevralın 15-də saat 21.12-də "Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialı qarət olunub.

Şəbəkənin sahibi Nigar Köçərli Meydan TV-yə bildirib ki, oğurluq satıcılar mağazada olan zaman baş verib: "3 nəfər mağazaya daxil olanda 3 satıcı da yerindəydi. Onlardan biri satıcıların ikisini söhbətə tutaraq başını qatıb, digərləri isə arxa otaqdan oğurluq ediblər. Həmin adamlar işçilərin maaşlarını, 600 manat dəyərində olan telefonunu oğurlayıblar”.

Nigar Köçərli Daxili İşlər Nazirliyinin "102 xidməti”nə müraciət etdiyini və polisin ərazidə olduğunu deyib: "Polislər həmin adamları tanıdığını və oğurluqla məşğul olduqlarını söylədilər. Hadisənin video çəkişlişi internetdə də yayılıb”.

Nigar Köçərli Daxili işlər naziri Vilayət Eyvazova müraciət hazırlayır: "Çünki 5-6 il əvvəl Nizami küçəsindəki mağazamız bir neçə dəfə qarət olundu, amma həmin adamlar saxlanılsa da, sərbəst buraxıldılar. Dəfələrlə şikayət etsək də, heç bir ciddi tədbir görülmədi. Yəni həmin adamlar buraxılandan sonra yenə mağazanın şüşəsini sındırıb kassadakı pulları götürüb gedirdilər. Bu səbəbdən məcbur qalıb mağazanı bağladıq. Ona görə dünənki hadisədən çox narahatıq ki, əvvəlki vəziyyət təkrarlansın”.