Əliabbas Rüstəmli aclığa başlayıb

Əliabbas Rüstəmli aclığa başlayıb

13-02-2023 19:24 / Bu xəbər 1287 dəfə oxundu

Hüquqşünas Əliabbas Rüstəmli aclıq aksiyasına başlayıb. 

Bu barədə "Qaynarinfo"ya hüquqşünasın özü bildirib. 

Onun sözlərinə görə, uzun müddətdir ki, barəsində bəraətverici hökm çıxarılması üçün hüquqi müstəvidə mübarizə aparır: "Lakin heç bir nəticə yoxdur. 2019-cu ildə cəzamın qalan hissəsi şərti cəza ilə əvəzlənib və azadlığa buraxılmışam. Azadlığa buraxılandan gündən, yəni artıq 4 ilə yaxındır ki, bu məsələ ilə məşğulam. Artıq belə yaşaya bilmirəm, ona görə də aclıq aksiyasına başlamışam”.

Əliabbas Rüstəmli 2014-cü ilin iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 

Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu maddələrlə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib. 2019-cu il oktyabrın 31-də hüquqşünas Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

İttiham aktına görə, Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İttihamda qeyd edilib ki, Rüstəmov Vergilər Nazirliyinin İstintaq İdarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib.

O, bütün bunların qurama olduğunu bildirib və ittihamları rədd edib.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.