Əliyev Avropa Şurasının terrorçuluqla bağlı Konvensiyasına əlavə protokolu təsdiqləyib

Əliyev Avropa Şurasının terrorçuluqla bağlı Konvensiyasına əlavə protokolu təsdiqləyib

09-02-2024 18:29 / Bu xəbər 559 dəfə oxundu

Prezident İlham Əliyev fevralın 9-da Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Əlavə protokolun təsdiqi Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambelyasındakı nümayəndə heyətinin mandatının bu qurum tərəfindən bir il müddətinə təsdiq edilməməsindən sonraya təsadüf edir. 

Sənəd həmçinin Azərbaycanda Avropa Şurasının Azərbaycana qarşı münasibətinin rəsmi səviyyədə kəskin tənqid edildiyi zamanda təsdiq edilib.

Sənədi 2023-cü il dekabrın 30-da Azərbaycan Milli Məclisi qəbul edib.

Əlavə protokolda terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən söhbət gedir. 

Xüsusən, terror məqsədilə xaricə gedən şəxslər haqqında operativ məlumat mübadiləsi üçün əlaqə məntəqələrinin yaradılması nəzərdə tutulub.

Əlavə Protokol terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak, terrorçuluq təlimi almaq, terrorçuluq məqsədilə ölkə xaricinə səfər etmək və ya səyahətə cəhd etmək, habelə belə səfərlər üçün vəsait toplanması, səfərlərin asanlaşdırılmasına görə cinayət məsuliyyətinin əhatə dairəsini genişləndirir.

Əlavə Protokol vasitəsilə Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına "Terror aktları nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsi nəzərə alınmaqla, xarici terrorçu döyüşçülərin münaqişə zonalarına axınının qarşısını almaq və cilovlamaq məqsədi daşıyan tədbirlərin həyata keçirilməsinə yönəlmiş bir sıra müddəalar əlavə edilir.

Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanıb.