Əlizamin Salayev yeriyə bilmir

Əlizamin Salayev yeriyə bilmir

12-04-2023 18:34 / Bu xəbər 886 dəfə oxundu

Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 65 gündür aclıq edir. 

Bu barədə "Turan"a bu gün İstintaq Təcridxanasında onunla görüşən vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, Salayevin vəziyyəti ağırdır. 

"O, artıq gəzə bilmir. Görüşə nəzarətçilər qolundan tutub gətirmişdilər. Güclü başgicəllənmələri var, bədənində yaralar əmələ gəlib. O, həddindən artıq arıqlayıb", - deyə vəkil bildirib.

Salayev hələ də sanitar hissəyə keçirilməyib. 

Vəkil qeyd edib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, Salayev aclığı davam etdirmək niyyətindədir. 

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. 

Ona qarşı CM-in 221.3-cü maddəsi ilə cinayət işi açılıb. 

Fəalı 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Zamin Salayev məhkəmədə ona qarşı irəli sürülmüş ittihamın yalan olduğunu və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə cəzalandırıldığını bildirib.