Ərdoğan İraqa səfər edib

Ərdoğan İraqa səfər edib

22-04-2024 21:30 / Bu xəbər 337 dəfə oxundu

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan on ildən artıq müddətdən sonra bazar ertəsi İraqa ilk rəsmi səfərini edib.

Türkiyə İraqın şimalında mövqeləri olan kürd silahlı qruplaşmaları ilə mübarizədə Bağdadla daha sıx əməkdaşlıq etmək istəyir.

Su təchizatı məsələsi və bir ildən artıqdır İraqın şimalından Türkiyəyə dayandırılan neft və qaz ixracatı də daxil olmaqla, iki ölkə arasında digər problemlər də mövcuddur.

Ərdoğan İraqa sonuncu dəfə 2011-ci ildə Türkiyənin Baş naziri olarkən gedib.

İraq hökumətinin sözçüsü Bassəm Əl-Avadi verdiyi açıqlamada Ərdoğanın səfərinin "İraq-Türkiyə münasibətlərində əsas başlanğıc nöqtəsi" olacağını deyib və "təhlükəsizlik problemlərinə birgə yanaşma" və su təchizatı kimi digər məsələlərlə bağlı "strateji razılaşma"nın imzalanacağını bildirib.

Ərdoğan deyib ki, ölkəsi yay aylarında Türkiyədə qadağan olunmuş və İraqda əməliyyatlar həyata keçirən kürdlərin separatçı hərəkatı "Kürdüstan Fəhlə Partiyası"nın (PKK) yaratdığı təhlükəni "daimi" aradan qaldırmaq məqsədi ilə böyük bir əməliyyat keçirməyi planlaşdırır.

Türkiyə əvvəllər İraqın şimalında qruplaşmaya qarşı qurudan çoxsaylı hücumlar həyata keçirərkən, təyyarələri bölgədəki şübhəli PKK mövqelərini tez-tez hədəf alıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər keçən ay jurnalistlərə Ankaranın İraqla birgə sərhəddə 30-40 kilometr uzunluqda təhlükəsizlik dəhlizi yaratmağı planlaşdırdığını deyib.

1980-ci illərdən bəri Türkiyənin cənub-şərqində muxtar kürd dövləti uğrunda mübarizədə on minlərlə insanın həyatına son qoyan qruplaşma Türkiyə və onun Qərb müttəfiqləri tərəfindən terror təşkilatı hesab edilir.

Bağdad əvvəllər Türkiyənin PKK-ya qarşı əməliyyatlarının onun suverenliyini pozduğundan şikayət etsə də, görünür, Ankaranın mövqeyinə yaxınlaşır.

Mart ayında İraq və Türkiyə xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra Bağdad PKK-nı terror təşkilatı kimi tanımasa da, İraq Milli Təhlükəsizlik Şurasının onun fəaliyyətinə qadağa qoyduğunu bildirmişdi.

İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudani keçən həftə Vaşinqtona səfəri zamanı jurnalistlərə deyib ki, İraq və Türkiyənin "bir-biri ilə həqiqi maraqları və ortaq layihələri var". 

O qeyd edib ki, PKK İraqın şimalında çoxdan mövcud olsa da, "biz heç bir silahlı qruplaşmanın İraq ərazisində olmasına və hücumlar həyata keçirmək üçün oradan istifadə etməsinə icazə vermirik".