"Erməni" adlı ölçü vahidi

07-02-2024 01:32 / Bu xəbər 1649 dəfə oxundu

Səməd Şıxı 

Azərbaycanlıların "erməni” adlı ölçü vahidi var. İnsanlar hiss etmədən bundan istifadə edir, hiss etdikləri zaman isə bu məqsədlə istifadə etmədiklərini deyirlər. Bu, bəlkə də, belədir, yəni bundan istifadə edərkən ermənini alçaltmaq və ya onu təhqir etmək məqsədləri olmur, amma şüuraltı təsir ilə bunu edirlər.

"Facebook"da bir post çıxdı qarşıma. Fikrimi həmin postun altında "rəy” bölümündə yazmaq istəsəm də, sonra demək istədiyim fikrin uzun olduğunu görüb, həm də bunun, sadəcə, bir "Facebook" postunun rəyində itib-batmasını istəmədiyimdən bu haqda yazmaq qərarına gəldim.

Sözügedən yazı Araz Əliyevin Arayik Harutyunyanın həbs şəraiti ilə bağlı yazdığı postudur. Oxudum, gələn rəylərə baxdım, rəylərə Araz bəyin cavablarına göz gəzdirdim. Araz Əliyev yazısında, bəlkə də, Arutunyanı erməni olduğu üçün təhqir etmir, ya alçaltmaq məqsədi ilə belə yanaşmır. Ona yazılan rəylərə səhv başa düşdüklərini, onun, sadəcə, erməniyə qoyulan hörmətin Azərbaycan vətəndaşına da qoyulmağı istədiyini deyir.

Bir neçə gün əvvəl İşçi Masasının üzvü Elvin Mustafayevin məhkəməsi vardı, ora getmişdim. Dövlət ittihamçısı Elvin üçün 7 il həbs istəsə də, hakim 3 il vermişdi, biz də buna görə sevinmişdik. Bəli, sevindik. Əsəbimdən zaldan çıxıb, küncdə əsirdim ki, vəziyyətə bax, bir insan 3 il həbs aldığı üçün sevinəcək vəziyyətə gəlmişik. 

Arazın etdiyi çağırış da əslində buna bənzəyir. Necə bir vəziyyətə düşmüşük ki, həbsxanada Harutyunyana göstərilən münasibətin bizə də göstərilməyini istəyirik. Halbuki ona göstərilən münasibətin nə olduğunu da heç bilmirik. Həqiqətən, eləmi yaşayır? Ya çıxıb, "Əliyevə səs vermək istəyirəm” deyibmi? Bilmirik, amma həbsxanaya düşən bir azərbaycanlıya ailəsi ilə telefonla danışmağa imkan verilmədiyi halda, TV izləməsinə şərait yaradılmadığı halda erməniyə bu şərait yaradılması illərdir ki, "düşmən” kimi göstərilən bir xalqa qarşı paxıllıq yaradır, "Erməni qədər hörmətimiz yoxdur?” dedirtir.

"Erməni qədər…”

"Düşmən” obrazı zaman keçdikcə hər sahəyə təsir edir. Bu istər siyasətlə əlaqəli olsun, istər olmasın. Rəqabətlilik nifrətlə qarışır, bir harmoniya yaradır. Biz başlayırıq hər şeyi o obrazla ölçməyə, dəyərləndirməyə. Onlarda necədir, bax bizdə necədir? "Qonşunun uşağı” kimi misal göstərilməyə başlayır hər şeydə. Bir tərəfdə "Ermənistanda necədir?”, digər tərəfdə "Azərbaycanda necədir?”. 

Amma bu prinsipial, hətta daha kobud desək, alçaldıcı yanaşmadır. Yəni insanlar "erməni qədər…” deyərkən onları aşağı görür və düşünür ki, biz onlardan üstünük, amma niyə bunu bacarmadıq? Arazın postundan uzaqlaşıb, bunu ümumi dəyərləndirmək istəyirəm. Fərqli nümunələrlə daha aydın fikrimi izah etmək istəyirəm ki, əslində bu hər sahədə, hər şəxsdə belədir. 

Bəzən xəbər başlıqlarında bundan manipulyasiya kimi istifadə edirlər. Əgər  "Qafqazda filan sahədə Ermənistan Azərbaycandan üstün olub” başlığı qoysan, aləm dəyəcək bir-birinə. Bu necə belə ola bilər? Necə ola bilər ki, Azərbaycanda neft olduğu halda, gəliri misliylə çox olduğu halda Ermənistan Azərbaycandan üstün olur? 

Sonra da həmvətənlərimiz "Erməni idmançı azərbaycanlı idmançını məğlub etdi” deyə kədərlənirlər. 

Bu, utancdır. Şəhriyar Məmmədyarovun Levon Aronyanı məğlub etdiyi oyunları efirlər car çəkərək göstərdiyi halda, uduzduğu heç bir oyunu göstərməzlər. Çünki bu, utancdır. Şəhriyar Məmmədyarov üçün deyil, əlbəttə, peşəkar belə yanaşmaz, amma cəmiyyət üçün utancdır. 

"Ermənistan istehsalı bədii film "Oscar"a namizəd göstərildi", bəs Azərbaycan kinomatoqrafiyası hara baxır? Niyə onlardan geriyik?

Bazarda rəqabətin olmağı müsbət dəyərləndirilsə də, incəsənət rəqabət sevmir. Rəqabətə girib, yaxşı film çəkib "Oscar" ala bilmərik. Ya dövlət bu film üçün dəstək olsa, milyonlar ayırsa da bu nəyisə dəyişməyəcək. Biz başa düşməliyik ki, paxıllıq etməkdənsə, problemin özünə fokslanmalıyıq. Səbəbi başqa yerdə axtarmamalıyıq.

Qafqazın tək demokratik olmayan ölkəsiyiksə, burada səbəbkar bizik. Erməni üzərindən siyasət qurmaq asandır, erməni ilə siyasətçilik oynamaq da. Bəs bizim Azərbaycan üçün niyə gücümüz çatmır? Yoxsa gücümüz sadəcə erməniyə çatır?

Ermənilər üzərindən siyasət qurmağı tərgitməliyik, çünki bunu onsuz da edən var. Siyasətçilər bununla cəmiyyətin diqqətini toplaya biləcəyini düşünür, bunu edərək millətçilərin rəğbətini qazanmaq istəyir, halbuki başa düşməliyik ki, bununla, sadəcə, hakimiyyətin siyasətini legitimləşdiririk. 

"Baxın, Azərbaycan cəmiyyəti, müxalifəti də mənimlə eyni fikirdədir” deyəcəklər. Demokratiya, insan haqları isə bu mövqeyimizin içində itib, batacaq. Biz nə qədər səmimiyyətimizi göstərməyə çalışsaq da bacarmayacağıq. Avtoritar bir rejim üçün "düşmən” hər zaman ehtiyacdır. Əgər biz avtoritarizmə qarşıyıqsa, demokratiya istəyiriksə, onun getməyini istəməklə kifayətlənməməli, onun etdiyi hər bir siyasətin əleyhinə olmağı bacarmalıyıq. Onu gücləndirəcək bir şeyi dəstəkləyərək biz ölkəni deyil, hakimiyyətdəkilərin marağını qoruyacağıq sadəcə...  

Arazın bildirdiyi fikrə geri dönsək, siyasi iddialı birisinin, hələ ki də yeni gənc nəsil siyasi fəalların hakimiyyətlə, ənənəvi müxalifətlə eyni mövqedə, fikirdə olmasının əleyhinəyəm. Biz onlara alternativ olaraq meydana çıxmalı, mövqe qoymalıyıq. Bölgədə yeni müharibələr üçün deyil, xalqların sülh içərisində yaşamağını təmin etmək üçün mübarizə aparmalıyıq. Bunun üçünsə, səmimiyyətimizi, şəffaflığımızı göstərməliyik. Biz bunu, həqiqətən, istəməliyik. İşlətdiyimiz ifadənin, cümlənin ağırlığını, etdiyimiz hərəkətin nə nəticə doğuracağını əvvəlcədən düşünməliyik.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.