Ermənistan-Azərbaycan sərhədində atışma: hərbçi yaralanıb

Ermənistan-Azərbaycan sərhədində atışma: hərbçi yaralanıb

12-02-2024 20:54 / Bu xəbər 593 dəfə oxundu

Ermənistanın Müdafiə Nazirliyi əmri pozanları cəzalandıracağını deyir

Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulduğu və 1 hərbçinin yaralandığı bildirilir.

Bu barədə fevralın 12-də Hərbi Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadənin Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Məlumatda Qubadlı Hərbi Prokurorluğunun hərbçidən izahat aldığı vurğulanıb: "Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülmüş, hadisə yerinə baxış keçirilmiş və digər hərəkətlər icra edilib”.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb: "Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

Ermənistanın Müdafiə Nazirliyinin Hərbi polisi atışma ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində erməni hərbi qulluqçularının atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır.

"İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət olmayıb. Bu hal təsdiqlənərsə, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, – deyə qurumun mətbuat xidmətindən bildirilib.