Evimiz, doğma evimiz...

Evimiz, doğma evimiz...

18-10-2022 21:49 / Bu xəbər 2156 dəfə oxundu

Çingiz SULTANSOY


This is a true Story.

Əlibəyli ailəsinə həsr olunur

Anaları İrşad ilə Ərşadı qonaq apardı. Bacı-qardaş bu evə birinci dəfə idi ki, gedirdilər. Ana onları liftə mindirib, düyməni basdı və lift yüngülcə uğuldayıb, səkkizinci mərtəbəyə qalxdı. Onları qarşılayan mehriban, gözəl xala İrşad ilə Ərşadı öpdü, hərəsinə bir oyuncaq bağışladı, konfet verdi, - xoş gəlmisiz, həmişə siz gələsiz, - dedi.

Mehriban xalanın Səbinə adlı qızı var idi. Səbinə İrşaddan kiçik, Ərşaddan böyük idi. Analar divanda oturub, söhbətə başladılar. İrşad ilə Ərşad isə Səbinəyə qoşulub, otaqları gəzməyə çıxdılar. Əvvəlcə İrşad ilə Ərşad pəncərədən baxdılar. Aşağıda, küçədə oyuncaq maşınlar, oyuncaq adamlar hərəkətdə idi, sonra böyük-kiçik evlər, binalar yanbayan düzülmüşdü, lap uzaqda isə dəniz göyərirdi və dənizin parıltılı sularında toplu-lüləli qara-boz gəmilər ağır-ağır dayanmışdı. 

Səbinə bulvardakı nəhəng yelləncəyi və sirkin binasını onlara göstərdi. Ərşad pəncərəni açmaq istədi, amma İrşad qoymadı, onu o biri otağa apardı. Otağa döşənmiş yumşaq xalının üstündə mayallaq aşmaq, atılıb-düşmək çox rahat idi və belə şeyləri çox sevən Ərşad o saat xalının üstünə yumalandı. İrşadla Səbinə ona qoşuldular. Doyunca mayallaq aşandan sonra Ərşad otağın küncündəki pianonun qapağını açdı və şirmayı dilləri basmağa başladı. Səbinə isə pianonun yumru, fırlanan stuluna oturdu və "Cücələrim” mahnısını çaldı. Səbinə düşən kimi Ərşad onun yerinə keçdi, amma Ərşad çalmaq istəmirdi, fırlanmaq istəyirdi, ona görə də yumru, fırlanan stulu sağa-sola fırlatmağa başladı. 

Ərşaddan sonra Səbinə, Səbinədən sonra İrşad başları gicəllənənə kimi fırlandılar. Sonra Səbinə onları öz otağına apardı. Otağın divarlarına Qırmızıpapağın və Cırtdanın böyük rəngli şəkilləri vurulmuşdu, küncə isə içində rəngbərəng balıqlar üzən akvarium qoyulmuşdu. İrşad şən-şən üzüşən balıqlara baxırdı, Ərşad isə əlini suya salıb, qızıl balığı tutmaq istədi, amma İrşad qoymadı. Səbinə şəkilli kitablarını, oyuncaqlarını səxavətlə ortaya tökdü. Burada nə desən vardı: gəlinciklər, maşınlar, toplar, it, pələng, dəmir yolu, konstruktor, kublar, mozaika, özügedən tank, serviz, fırfıra... 

Sonra Səbinə cilovundan tutub, atı ortaya dartdı. At əsl, doğruçu ata oxşayırdı, gözləri parıldayırdı, iki qulağı, dörd ayağı var idi, yəhəri-yüyəni sədəfli, yalı qızılı, nalı gümüşü idi. Ərşad əlindəki tırıldayan tankı kənara atıb, cilovu götürdü, bir göz qırpımında atın belinə qalxdı. Qızğın köhlən fınxırıb, yerində oynadı, Ərşadı belindən atmaq istədi, şıllaq atdı, şahə qalxdı, gümüşü nallar havada parıldadı. 

Gündoğandan günbatana kimi at oynatmış dəliqanlı igidlərin qanı Ərşadın damarlarında qaynadı, Ərşad qiyyə çəkib, atı mahmızladı, cilovu dartdı və bayaqdan yüyəni gəmirən, yerə-göyə sığmayan at ram olub, çapmağa üz qoydu. Ərşad yəhərdə qırğı kimi durmuşdu, dünyada heç bir şey gözünə görünmürdü. O, Beyrək idi, Əzrayılı qaçaq salan Dəli Domrul idi, Koroğlu idi, Qaçaq Kərəm idi, elinə şad xəbər aparan al çapar idi... 

At çöllərdən ox kimi, dərələrdən sel kimi, təpələrdən yel kimi keçirdi, atın gümüşü nalları uzaq yolların qədim daşlarında cingildəyirdi, qığılcım saçırdı, bu qığılcımlar hər tərəfə səpələnirdi, yerə düşürdü – almaza dönürdü, dənizə düşürdü – mirvariyə çevrilirdi, göyə qalxırdı – ulduz olurdu... Ərşad bir də baxıb gördü ki, dörd yanı ulduzdur – ağzından, burnundan od-alov saçan dəli köhlən qanad açıbmış kimi, onu göyün tərkinə qaldırmışdı, indi Kəhkəşanla çapırdı. Ərşad dəli bir qiyyə də çəkib, atın müşk-ənbər qoxulu qızılı yalına yatdı və qızılı yallı, gümüşü nallı at daha da havalandı...
-İrşad! Ərşad! Getmək vaxtıdı, gəlin.

Ərşadın qulaqlarında vıyıldayan külək kəsdi, dörd yanında sayrışan ulduzlar söndü, ətrafa yayılmış müşk-ənbər qoxusu yox oldu. Ərşad ayılıb gördü ki, Səbinənin otağında, oyuncaq atın belindədir, anası da onu çağırır. Səbinənin anasının səsi gəldi:
-Başları elə qarışıb ki, eşitmirlər.

Analar otağın qapısına gəldilər, İrşad ilə Ərşadın anası yenə çağırdı:
- İrşad, Ərşad! Gəlin gedək.

Ərşad aşırılıb, atdan düşdü. İrşad da ayağa qalxıb, anasına yaxınlaşdı. Gözü hələ də hərəkət edən qatarda idi. Anası paltonu İrşada verdi ki, geyinsin, o biri paltonu əlində hazır tutub çağırdı:
- Ərşad! Gəl sən də geyin, çıxırıq!

Ərşad indicə çıxıb gedəcəklərindən, yerli-dibli çıxıb gedəcəklərindən üşənib, köhlən atının, sevimli, əziz atının boynunu qucaqladı, üzünü onun yalına yapışdırıb gözlənilmədən ağladı: 
- Mən getmək istəmirəm! Mən burda qalmaq istəyirəm!

Səbinənin anası dedi:

- Ərşad getmək istəmirsə, qoyun bizdə qalsın, mənim oğlum olsun, Səbinənin qardaşı olsun.
 Ərşad atın boynunu bərk-bərk qucaqlayıb, bir az da bərkdən hönkürdü:
- Hə, burda qalacam! Mehriban xalanın oğlu olacam, - dedi.

Anası Ərşada baxa-baxa qalmışdı. Ərşad isə gözünün yaşını atın yalına axıdıb, ağlayırdı, özünü öldürürdü. Ərşad istəmirdi anası ona belə baxsın.
Səbinənin anası dedi:
- Ərşad istəyirsə, atı aparsın.

Ərşad göz yaşıyla dolu gözlərini açıb, balaca ürəyini əsdirən kövrək ümidlə Səbinənin anasına baxdı. Bəlkə bu xala, mehriban, gözəl xala, doğrudan da atı ona verər? Amma Səbinə ağlamsındı, qışqırdı:
-Yox, at mənimdi, vermirəm. Vermirəm!

Araya sükut çökdü. İrşad dedi:
-Ərşad! Dur gedək evimizə!

Ərşad ağlaya-ağlaya qışqırmağa başladı:
     -Getmirəm! İstəmirəm evimizi! Evimiz pisdi, bura yaxşıdı!.

Ərşadın anası yavaşcadan dedi:
- Ərşad, adam evinə pis deməz.

Ərşad daha da bərkdən hönkürdü:
- Evimiz pisdi!. Pisdi!!. Evimiz dardı, soyuqdu! Qaranlıqdı!! Evimizdə at yoxdu! Lift yoxdu!! İstəmirəm evimizi!!.
İrşad hirslənib, Ərşada çığırdı:
- Bizdə də oyuncaqlar var, pəncərə var! Nolsun ki, pəncərəmizdən dəniz görsənmir, balacadı, mayallaq aşmağa yerimiz yoxdu?! Mənim açılıb-yığılan çarpayım var, heç Səbinənin yoxdu!
Səbinə dedi:
-Bizim də açılıb-yığılan divanımız var, hə!

İrşad kəsildi, kömək umusuyla anasına baxdı, amma anası nəzərini xalçanın üstündəki çoxdan dayanıb böyrü üsrə düşmüş fırfıradan çəkmirdi, susurdu. Qız bilmədi, o fırlanmayan fırfırada nə vardı ki, ana ona baxır? İrşad qorxdu. Bəlkə, anası Ərşadı aparmaq fikrindən əl çəkib?! Bəlkə burada qalmağına razıdır?! Axı ana hərdənbir Ərşada acıqlananda deyirdi ki, sənin anan olmayacam, verəcəm səni aparsınlar! Amma İrşad təslim olmaq, Ərşadı qoyub getmək istəmirdi, axı öz qardaşı idi:

-Ərşad, Səbinə atı sənə verməyəcək! Gedək evə! Heç divanı da verməyəcək! Gedək evə, çarpayımı sənə verirəm! Tək bu gecə yox, həmişə çarpayımda yat, həmişəlik sənin olsun! Anam da bir söz deməz! Ana! Sən də de! Ay ana!! Akvarel rənglərimi də verirəm! Ərşad, gedək!

Ərşad ağlayırdı, cavab vermirdi. İrşad söz tapa bilmirdi, lap ürəyi partlayırdı. Bəs ana? Ana niyə danışmır?! Ərşadı verməyə niyə belə tez razı oldu?! Elə bu vaxt ana yavaşca dedi:
- Ərşad, bəs Ayulduz nənə? Sən deyirdin ki, nənə mənimdi, məni hamıdan çox istəyir. Sən burada qalsan, nənə kimin nənəsi olar?

Ərşad ağlaya-ağlaya dedi:
- İrşadın, - amma görünürdü ki, bu söz onu bərk tutub.

Ərşadın anası başını qaldırdı, lap yavaşcadan dedi:
- Ərşad, heç Ayulduz nənə sənsiz qala bilər? İndi nənə bizi evimizdə gözləyir ki, gələk, yatanda sənə, İrşada gözəl-gözəl nağıllar danışsın. Evimiz bizim evimizdir, Ərşad! Dur gedək...

Ərşad nə duydusa, nə düşündüsə ayağa qalxdı, gözlərini ovuşdura-ovuşdura, gözlərini, yanaqlarını yandıran acı-şor göz yaşlarını silə-silə, hıçqıra-hıçqıra geyinməyə başladı. 
Hərdən-hərdən hıçqırırdı, kiriyə bilmirdi. Sevincək İrşad onun başına fırlanırdı, papağını, şərfini bağlayırdı:

-Ərşad, ağlama! Atama deyəcəm, bizə at alacaq! Fırlanan stul da alacaq, liftə də mindirəcək, görərsən! Hələ dənizə də gedəcəyik, qoy yay gəlsin! Yayda evimiz elə isti olacaq ki, Ərşad!

Ərşad, axır ki geyinib, hazır oldu və hamı qapıya tərəf yeridi. Özünə gəlmiş İrşad qürurla Səbinənin üzünə çırpdı:
-Bizim nənəmiz var, heç sənin yoxdu!
Və bu dəfə Səbinə cavab verə bilmədi...

İrşadın anası Səbinənin anasıyla, Səbinəylə sağollaşıb çıxdılar. Bircə Ərşad "sağ ol” demədi. Nədənsə, başını qaldıra bilmirdi... Bir də liftdə Ərşadın pırpız başını qucaqlayıb, sinəsinə sıxmış ananın yanaqları Ərşadın yanaqları kimi yanırdı...

1982-1985

SÖZARDI.

Hekayə sovet vaxtı, göstərilən illərdə yazılıb, jurnallarda dərc olunmayıb, yalnız  1989-cu ildə müəllifin eyniadlı uşaq hekayələri kitabında işıq üzü görüb.  Kitabın çıxmasından üç-dörd il öncə, hələ çapa hazırlananda Ayulduz nənənin adı redaktorun təklifi, əslində senzuranın tələbiylə "Şükufə nənə” ilə əvəz olunub. 

Hekayə yazılan vaxt, SSRİ-nin "perestroyka” və "qlasnost” dövrünə sayılı illər qalmış az əvvəl oxuduğunuz formada, "Ayulduz nənənun” adının çəkilməsiylə çapa gedə bilməzdi. Ona görə ki "Ayulduz” adı Azərbaycan Xalq Cümhurriyyətinin (1918-1920) dövlət rəmzləri olan aypara və səkkiz guşəli ulduz, üçrəngli bayraqla,1936-da ləğv olunmuş "türk” etnomnimiylə birbaşa assosiasiya yaradırdı. 

Stalinizm vaxtları bu ağır cinayət idi, sonralar arzu olunmayan. AXC-nin və Müsavat partiyasının adı yalnız mənfi kontekstdə çəkilə bilərdi, Azərbaycan sovet ədəbiyyatı klassiklərinin əsərlərindəki kimi. 

SSRİ-də heç vaxt elan edilməyən, gah açıq, gah üstüörtülü, tədricən yeridilən ruslaşdırma siyasəti o illərdə Azərbaycanda öz zirvə məqamına çatmışdı. 

Ölkənin "nomenklatur” adlanan partiya, dövlər xadimləri, Bakının ziyalı elitası, xüsusən ailələri, övladları arasında ruslaşma meyli geniş yayılmışdı. Bunun nəticəsi kimi, tam ruslaşma, Azərbaycan dilini bilməmək və ya zəif bilmək, bilə-bilə danışmamaq, milli biganəlik və nihilizm, "millətimiz pisdi” fikirləri sürətlə artırdı. 

Hekayədə təsvir olunan olayda bu meyllər azərbaycanlı uşağın başqa evdə qalmaq, başqa evin uşağı olmaq istəyi formasında təsvir edilib. Məhz bu sətiraltı mənaya görə kitab nəşrində Ayulduz nənənin adı senzura nədənindən əvəz edilib.    
 
Mənbə: literaz.com