Gələn aydan qadınların pensiya yaşı uzadılacaq
10-06-2024 12:43 / Bu xəbər 582 dəfə oxundu
Deputat: "Qadınların daha tez pensiyaya çıxması məqsədəuyğundur”
Azərbaycanda "Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı 2024-cü ilin iyulundan daha 6 ay uzadılacaq.
Bundan sonra onlar 64 yaşlarında pensiyaya çıxa biləcək. Buna qədər rəqəm 63 yaş 6 ay olub.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirir ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmasını və kişilər ilə qadınların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirlər.
Onun sözlərinə görə, bir sıra inkişaf etmiş dövlətlərdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi qadınların daha tez pensiyaya çıxması məqsədəuyğundur: "Əvvəlla, qadınların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımdan vacibdir. Bu baxımdan daha öncə, onların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, qadınların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var”.
Deputat qeyd edir ki, digər tərəfdən, kişilərin rəsmi əməkhaqqısı qadınlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu, o deməkdir ki, qadınların sosial kapital yığımları nisbətən azdır: "Ona görə də onlar üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər qadınların pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, onlar pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın”.
Deputat düşünür ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən differensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı.
Azərbaycanda son bir ildə pensiyaçıların sayı 18 min 200, beş ildə isə 222 min 400 nəfər azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin əvvəlində onların sayı 1 milyon 114 min 200 idisə, bu ilin müvafiq dövründə 1 milyon 96 minə düşüb. Onların 64 faizi yaşa görə pensiya alır.
2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək 65-ə qaldırılıb.
Qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il altı ay artırılmaqla 65 yaşa çatdırılacaq.
Son illər dəfələrlə ölkədə pensiya yaşının aşağı salınması təklif edilsə də, bu yöndə hələlik heç bir dəyişiklik yoxdur.(Meydan TV)