Həmkarlar ittifaqı fəalı 3 il azadlıqdan məhrum edilib

Həmkarlar ittifaqı fəalı 3 il azadlıqdan məhrum edilib

03-04-2024 12:36 / Bu xəbər 571 dəfə oxundu

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin narkotikdə ittiham olunan üzvü Ayxan İsrafilovun işi üzrə proses başa çatıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiə tərəfi polis bölməsindəki videomüşahidə kameralarının görüntülərinə baxılması, habelə İsrafilovun üzərində narkotik vasitə olduğu haqqında məlumat verən mənbənin dindirilməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Lakin bu və digər vəsatətlər təmin olunmayıb.

Prokuror İsrafilovun 5 il müddətinə həbs edilməsini təklif edib.

Vəkil Fariz Namazlı son sözündə qeyd edib ki, İsrafilovun işi üzrə istintaq qanun pozuntusu ilə aparılıb, buna görə də o, məhkəmədə ona bəraət verilməsini istəyib.

İsrafilov özü həmkarlar ittifaqı çərçivəsində fəaliyyətinə görə təqib olunduğunu bildirib.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

A.İsrafilov 2023-cü ilin avqustunda həbs olunub.

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. 

Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. 

Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. 

O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir.

Avqustun 4-də isə "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. 

E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.