"Human Rights Watch" təşkilatı Azərbaycanda müstəqil mediaya qarşı repressiyalarla bağlı bəyanat yayıb

24-11-2023 00:55 / Bu xəbər 809 dəfə oxundu

Ülvi Həsənli, Sevinç Vaqifqızı, Məhəmməd Kekalov qondarma cinayətlərdə ittiham olunurlar

Human Rights Watch (HRW) təşkilatı "Abzas Media” müstəqil nəşrinin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalovun həbsləri və pis rəftara məruz qalmaları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti araşdırmaları və korrupsiya faktlarını ifşa etməsi ilə tanınan müstəqil media qurumu "Abzas Media”nın rəhbərləri Ülvi Həsənli və Sevinç Vaqifqızını həbs edib. 

Rəsmilər həmçinin "Abzas Media” ilə əməkdaşlıq edən sosial sahibkar Məhəmməd Kekalovu da saxlayıblar.

2023-cü il noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsi "Abzas Media”nın direktoru Ü.Həsənli və baş redaktoru S.Vaqifqızı haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Jurnalistlər qabaqcadan əlbir olan qrup halında qaçaqmalçılıq kimi saxta ittihamlarla üzləşiblər və onları 8 ilə qədər həbs cəzası gözləyir. 

Məhkəmə onların uzun müddət həbsdə saxlanmasına haqq qazandıran konkret fakt təqdim etməyib.

"Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür”, - "Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor köməkçisi Georgi Qoqia bildirib.

"Həsənli, Vaqifqızı və Kekalovun həbsləri uzun müddətdir mövcud olan nümunənin son illüstrasiyasıdır və onlar dərhal azad edilməlidir”.

Maskalı polislər Həsənlini noyabrın 20-də tədbirdə iştirak etmək üçün Moldovaya planlaşdırdığı səfərdən əvvəl evində saxlayıb. 

Bir gün sonra Vaqifqızını təyyarəsi Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna enən zaman saxlayıblar.

Yerli mətbuatın məlumatına görə, polis noyabrın 20-də Kekalovu evində saxlayıb. 

Noyabrın 22-dək onun harada olması məlum deyildi, həmin gün Daxili İşlər Nazirliyi onun saxlanılması faktını təsdiqləyərək Həsənli və Vaqifqızı ilə eyni cinayət işində iştirak etdiyini bildirib. 

Onu iş üzrə ilkin məhkəmə gözləyir.

Hazırda Kekalovun ailəsinin onun üçün tutduğu vəkilə çıxışı yoxdur.

Həmin gün polis Ü.Həsənlinin evində və "Abzas Media”nın ofisində axtarış aparıb və orada 40 min avro nağd pulun "tapıldığı” iddia edilib. 

Həsənlinin sözlərinə görə, pullar ofisin dəhlizinə atılıb və "tapılıb”.

Ülvi Həsənli "Abzas Media” tərəfindən yayılan səs yazısında iddia edir ki, həbs zamanı və sonra polis onunla pis rəftar edib. 

Vəkili Zibeydə Sadıqova "Human Rights Watch”a Həsənlinin üzündə qançırlar gördüyünü təsdiqləyib.

Həmin audioyazıda Həsənli həmçinin deyir ki, polis ondan niyə Qarabağdan deyil, korrupsiyadan yazdığını soruşub.

Prokurorluq Həsənli, Vaqifqızı və Kekalovun əlbir olaraq Azərbaycana külli miqdarda pul keçirdiklərini iddia edirlər. 

Jurnalistlər bu ittihamları qəti şəkildə rədd edirlər. Onlar jurnalist fəaliyyətlərinə görə hədəfə alındıqlarını deyirlər.

Bakı məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş əsassız həbslərə qarşı təminatları pozaraq, Həsənli və Vaqifqızının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün mücərrəd və əsassız dəlilləri qəbul edib. 

Müstəntiqlər Həsənli və Vaqifqızının qaça, istintaqa müdaxilə edə və ya başqa cinayət törədə biləcəyini iddia etsə də, bu iddiaları təsdiqləyən heç bir sübut təqdim etməyib. Sadəcə olaraq, girovdan imtina üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulan əsasları sadalayıblar.

"Human Rights Watch” bildirib ki, məhkəməyə qədər həbs müttəhimlə əlaqəli konkret faktlar və xüsusi şəraitlə əsaslandırılan son çarə olmalıdır.

"Abzas Media” Azərbaycanda baş verən hadisələri işıqlandıran və tez-tez ölkədəki korrupsiyadan yazan müstəqil onlayn xəbər platformasıdır. 

Həsənli həm də İdarə Heyətinin üzvləri 2014-cü ildə saxta ittihamla cinayət işi açılan və həbs edilən NİDA gənclər hərəkatının keçmiş üzvüdür.

Vaqifqızı tanınmış azərbaycanlı araşdırmaçı jurnalistdir. O, əvvəllər yüksək səviyyəli korrupsiya faktlarını, o cümlədən prezidentə, onun ailəsinə və kabinet üzvlərinə qarşı ittihamları sənədləşdirib və ifşa edib. 

2015-2019-cu illər arasında Azərbaycan hakimiyyəti onun xaricə getməsinə qadağa qoyub. 

2021-ci ildə Vaqifqızı İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış və Azərbaycan da daxil olmaqla bir sıra xarici hökumətlər tərəfindən jurnalistləri və dissidentləri təqib etmək üçün istifadə edilən "Pegasus” casus proqramı tərəfindən dinlənilən jurnalistlərdən biri olub.

Kekalov "Abzas Media” ilə əməkdaşlıq edən, əlillərin hüquqları və inklüzivliyi məsələləri ilə məşğul olan sosial sahibkardır. 

2019-cu ildə o, əlilliyi olan insanlar üçün və onlarla birlikdə geyim dizaynı ilə məşğul olan əlçatan moda brendini təsis edib.

"Abzas Media”nın "Facebook” səhifəsində yayılan bəyanatında deyilir: "Abzas Media olaraq diqqətinizə çatdırırıq ki, Ülvi Həsənlinin saxlanması, evində və ofisində axtarış aparılması qanunsuzdur. Baş verənlərin hamısı birbaşa Həsənlinin jurnalist fəaliyyəti ilə bağlıdır. Həsənlinin dərhal azad edilməsini tələb edirik”.

Həsənli, Vaqifqızı və Kekalovun həbsi iyul ayında tanınmış alim və siyasətçi Qubad İbadoğlunun saxta pul hazırlamaq, almaq və ya satmaq, həmçinin ekstremizmdə ittiham olunaraq həbs edilməsindən sonraya təsadüf edir.

"İttihamlar fərqli olsa da, məqsəd eyni görünür: hökuməti tənqid edənləri susdurmaq və Azərbaycanda cəsur jurnalistlərə və fəallara soyuq mesajlar göndərmək. Hakimiyyət Həsənli, Vaqifqızı və Kekalovu dərhal azad etməli və onlara qarşı irəli sürülən saxta ittihamları götürməlidir”, - deyə Qogia bildirib.