Hüquqşünas: “Bələdiyyələrin birləşdirilməsinin heç bir effekti olmayacaq”

Hüquqşünas: “Bələdiyyələrin birləşdirilməsinin heç bir effekti olmayacaq”

06-04-2024 23:14 / Bu xəbər 672 dəfə oxundu

Deputat isə deyir ki, sayın optimallaşdırılması maliyyə dayanıqlığına görədir

Azərbaycanda bələdiyyələrin sayı azaldılır.

Aprelin 5-də "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və "Bələdiyyələrin statusu haqqında” Qanunlara edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Dəyişikliyə görə, Azərbaycanda əhalisinin sayı 3000 nəfərdən, yaxud 1000 evdən az olan bələdiyyələr birləşdiriləcək.

Bildirilir ki, bələdiyyələr birləşməklə əlaqədar Milli Məclisə müraciət edəcək.

Milli Məclis də ölkə qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək.

Evlərin uçotu müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən aparılacaq.

Bundan əvvəl də Azərbaycanda bələdiyyələr birləşdirilib.

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.

Hazırda ölkədə 1606 bələdiyyə var.

Dəyişiklikdən sonra Azərbaycanda 700-dən artıq bələdiyyənin fəaliyyət göstərəcəyi gözlənilir.

Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, bələdiyyələrin sayının optimallaşdırılması maliyyə dayanıqlığının möhkəmləndirilməsi məqsədini daşıyır: "Büdcədən ayrılan təxminən 12 milyon manat vəsaitin 1606 bələdiyyəyə ayrılması və orta hesabla bələdiyyəyə düşən vəsaitin azlığı ondan xəbər verir ki, bu gün bələdiyyələrin maliyyə imkanları məhduddur. Bir tərəfdən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən onların potensialının gücləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi çox önəmlidir. Ona görə sayın optimallaşdırılması həm də onların səlahiyyətlərinin genişləndirilməsi və maliyyə imkanlarının artırılması baxımından çox vacibdir”.

"Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Meydan TV-yə deyir ki, əvvəlki təcrübədə olduğu kimi, bələdiyyələrin növbəti dəfə birləşdirilməsi strategiyası özünü doğrultmayacaq: "İndi də eyni strategiya, eyni xətt seçildiyi üçün heç bir effekti olmayacaq. Bu, bələdiyyələrin Konstitusiyadan irəli gələn statusları ilə bağlı problemdir. Bələdiyyələrin statusuna yenidən baxılmalı və onlar dövlət orqanları sisteminə daxil edilməlidir. Regional icra hakimiyyətləri ləğv olunmalı və bütövlükdə səlahiyyətlər bələdiyyələrə verilməlidir. Statusa uyğun da bələdiyyələrə iqtisadi əsasları olan maliyyə resursları ayrılmalıdır. Yalnız bu halda Azərbaycanda ancaq həqiqi idarəçiliyə nail olmaq mümkündür. Bələdiyyələri birləşdirməklə onları gücləndirmək, yaxud da səlahiyyətlərini, statuslarını artırmaq mümkün olmayacaq”.

II Respublika Platformasının Qurucu Heyətinin üzvü Elman Fəttah Meydan TV-yə dəyişikliklərin formal xarakter daşıdığını və müsbət nəticə verməyəcəyini deyib: "Azərbaycanda seçki institutu aradan qaldırıldığı üçün bələdiyyə institutu da icra hakimiyyətlərinin yerlərdəki xırda əlavəsinə çevrilib. Belə bir şəraitdə də qanuna dəyişiklik, düzəliş edilməsi, hansısa bələdiyyənin birləşdirilməsi, yaxud da ayrılıb, müstəqil olmasının heç bir əhəmiyyəti və mahiyyəti yoxdur”.

O bildirib ki, 1999-cu ildə qəbul edilmiş "Bələdiyyələrin statusu haqqında” Qanun dəfələrlə dəyişdirilib və səlahiyyətləri də məhdudlaşıdırılıb: "Halbuki Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzv olanda, həm də yerli özünü idarəetmənin muxtarlıq şərtini imzalamışdı. Bu öhdəliyə görə, bələdiyyələrin statusları genişləndirilməli idi. Böyük şəhərlərdə mer seçkisi keçirilməli idi. Xüsusulə paytaxt Bakıda mer seçkisi olmalı idi. Bunların heç biri baş vermədi. Bu baxımdan son dəyişiklik və düzəlişlərdən də bələdiyyə istitutunun inkişafına töhfə verəcək nəsə gözləmək mənasızdır”.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2024-cü ildə gözlənilir.

Azərbaycanda bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur.

Qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.