İcra Hakimiyyətinin nazirin şirkətinə ayırdığı 390 min manatın aqibəti necə olub?
17-02-2021 01:36 / Bu xəbər 1888 dəfə oxundu
Hafiz Babalı: ""Evrodizayn" Azad Rəhimovundur"
"Artıq uşaq bağçalarının fəaliyyəti bərpa olunub. Düşündüm ki, məktəbəqədər təhsil müəssisələrinin işləmədiyi müddətdə, bəlkə də, Bakı Şəhər İcra Hakimiyyəti bağçalara qəbul üçün elektron bir sistem hazırlaya bilib. Xatırlayıram ki, iki-üç il öncə, 2018-ci ildə dövlətə məxsus bağçaların tabe olduğu BŞİH rəsmisi uşaq bağçalarına qəbulun elektronlaşacağını bildirmişdi".
Arqument.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz yazıb.
"O da yadımdadır: "Açıq hökumətin təşviqi üzrə” Milli Fəaliyyət Proqramı müzakirə olunarkən Təhsil Nazirliyin məsul nümayəndəsi BŞİH-in nümayəndəsinə bildirdi ki, artıq TN-də 1-ci siniflərə və məktəbə hazırlığa qəbulla bağlı oxşar informasiya sistemi qurulub və onlar bunu quruma təqdim edə bilərlər. Lakin, görünür BŞİH-də ayrı küləklər əsir", - o bildirib.
Osman Gündüz
Onun sözlərinə görə, baxçalara qəbul hələ də ənənəvi qaydada aparılıb: "Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytından (əgər rəsmi sayt demək mümkünsə), dövlət bağçalarının siyahılarından belə qənaətə gəlmək olur ki, hələlik bağçalara qəbul elektronlaşmayıb və ənənəvi qaydada aparılır. Bakı şəhərində 350-dək, ölkə üzrə 1600 dövlət tabeçiliyndə məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Maraqlıdır ki, adi bir informasiya sistemi tətbiq etməklə on minlərlə vətəndaşa, xeyli sayda ailələrə rahatlıq vermək olardı, korrupsiya risklərini sıfra endirmək olardı, rüşvət üçün imkanlar məhdudlaşdırılardı".
Ekspert qərarı qəbul edənlərin susqunluğuna təəssüf etdiyini deyib: "Təəssüf ki, qərar qəbul edənlər hələlik susurlar. O da maraqlıdır ki, elektron qəbul prosesini tənzimləyən təkmil bir oxşar dövlət informasiya resursu olduğu bir zamanda onun, digər bir dövlət qurumunda tətbiqi ilə bağlı, "e-gov" sahəsində əlaqələndirici qurum olan VXSİ Dövlət Agentliyinin "e-Gov" Mərkəzi, daha yuxarı qurumlar da təşəbbüs göstərmirlər".
Osman Gündüz yazır ki, mövcud qanunvericiliyə görə məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər: "Amma bağçada boş yerin olmadığını bilmək üçün vətəndaşa heç bir imkan yaradılmayıb. Vətəndaş bağça rəhbərliyinin adi bir sözünə inanmağa məcburdur. Amma sonradan məlum olur ki, kimlərsə müxtəlif yollarla uşaqlarını bağçaya qəbul elətdirə bilirlər. Beləliklə, mövcud qanunvericilik korrupsiya riskləri yaradır, ictimai nəzarət imkanlarını məhdudlaşdırır, dövlət nəzarətini isə indiki halda effektiv formada reallaşdırmaq mümkün deyil. Belə olan halda problemin həllinin iki yolu var: birincisi, əgər bağçaların tabeçiliyi Təhsil Nazirliyinə verilərdisə, hansı ki bu doğru addım olardı və dəfələrlə bu haqda təkliflər irəli sürülüb. Təhsil Nazirliyi də özünün hazır elektron resursları vasitəsilə çox qısa zamanda bu problemi həll edə bilərdi. İkinci yol isə qanunvericiliyi dəyişməkdir".
Düşünürəm ki, aidiyyatı qurumlar, VXSİ Dövlət Agentliyinin e-Gov Mərkəzi "Məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydası” haqqında Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarında "qəbulun elektron qaydada” aparılması ilə bağlı düzəliş təklifi etməklə bu problemi bir anda həll edə bilərdi. Ümid edək ki, tezliklə bu problem öz həllini tapacaq", - Osman Gündüz qeyd edib.
Hafiz Babalı: ""Evrodizayn" Qapalı Səhmdar Cəmiyyətinə 390 min manata yaxın pul ödənilib"
Hafiz Babalı
Araşdırmaçı jurnalist Hafiz Babalı isə qeyd edib ki, bu problemin həlli ilə bağlı "Evrodizayn" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 390 min manata yaxın pul ödənilib: ""Evrodizayn" Qapalı Səhmdar Cəmiyyətinə bu işlərdən ötrü 390 min manata yaxın pul ödənilib ki, sistem keçən ilin sonuna kimi hazır olsun".
Sənəd
Jurnalist bu QSC-nin isə gənclər və idman naziri Azad Rəhimova məxsus olduğunu deyib.
Azad Rəhimov
Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.