İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib

İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib

19-04-2024 23:55 / Bu xəbər 456 dəfə oxundu

Sayt rəhbərinin üzərində xəsarət izləri olub

"Meclis.info” saytının rəhbəri, aprelin 18-də hava limanında saxlanılan İmran Əliyev haqqında  həbs qərarı verilib. 

Aprelin 19-da Xətai Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İmran Əliyev məhkəməyə.gətirilərkən onun üzərində xəsarət izləri olub. O, zorakılığa məruz qaldığını bildirib.

İmran  Əliyev "Abzas Media” nəşri ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib. 

Bu iş üzrə həbsdə olan digər jurnalistlər kimi ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. 

O, Azərbaycanda qeydiyyatdan keçirilməyən qrant müqavilələrilə vəsaitlərin alınması və ölkəyə qaçaqmal yoluyla gətirilməsində ittiham olunur.

Lakin İmran Əliyev özünü təqsirli bilmir, ona qarşı ittihamın əsassız olduğunu deyir.

İmran Əliyev aprelin 18-də axşam saatlarında Türkiyəyə gedərkən saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib. Gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb.

Bütün bunlar baş verməmişdən öncə – aprelin 18-də günorta saatlarında hökumətyönlü mediada, o cümlədən "Qafqazinfo” saytında müstəqil media və jurnalistlərin əleyhinə material yayımlanıb. Həmin məqalədə "Meclis.info” saytı və İmran Əliyevin ünvanına da ittihamlar yer alıb.

İmran Əliyev isə orada yazılanların absurd və uydurma olduğunu bildirib.

Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. 

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "Abzas Media”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "Abzas Media”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

"Abzas Media”dan sonra "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olundu. Hazırda onların işi üzrə istintaq Səbail rayon Polis İdarəsində davam edir.

Martın 6-da isə "Toplum TV” kanalının bir qrup əməkdaşı eyni ittihamla həbs edilib. 

"Toplum”un redaksiyasından və ayrı-ayrı əməkdaşların evindən axtarış zamanı müxtəlif məbləğlərdə pul tapıldığı iddia olunur.

Onlar isə bu ittihamı rədd edir, tapıldığı iddia edilən pulların evlərə və ofisə axtarışı aparan polislərin özləri tərəfindən qoyulduğunu deyirlər.(Meydan TV)