“İnqilabın Səsi”nin üzvünə 30 sutka həbs cəzası verildi
17-07-2023 01:24 / Bu xəbər 1241 dəfə oxundu
Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi Məhərrəm Əkbərovun iyunun 15-də Xırdalanda, yaşadığı evin yaxınlığından aparıldığı bildirilir.
Bu barədə onun dostları və yaxınları sosial şəbəkələrdə məlumatlar paylaşır.
D18 Hərəkatının sədri Əhməd Məmmədli bu barədə Feysbuk hesabında məlumat yayıb.
Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki "İnqilabın Səsi” platformasının üzvüdür.
Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir. Onun hansı səbəbdən saxlanıldığı barədə konkret məlumat yoxdur. Dostları onun saxlanılmasının siyasi olduğunu deyir, dərhal azad olunmasını tələb edirlər.
Sosial Əməkçilər Partiyasının "Twitter” hesabında da bu barədə məlumat paylaşılıb .
"Yoldaşımız Məhərrəm Əkbərov bir müddət Azərbaycan polisi tərəfindən təqib olunduqdan sonra evinin yaxınlığından qaçırılıb.
Ailəsinin gərgin səyləri qarşısında onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı öyrənilib. Xalqı soyan Əliyev oliqarxiyası ancaq kobud güclə sağ qalmağa çalışır.
Bu təzyiqlər Azəri yoldaşları və "İnqilabin Səsi”ni dayandıra bilməyəcək! Məhərrəm yoldaş azad olunana qədər prosesi izləyəcəyik. Məhərrəm yoldaş dərhal azadlığa buraxılsın!”, – paylaşımda deyilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmraslanlı Meydan TV-yə Məhərrəm Əkbərovun saxlanıldığını təsdiqləyib.
Bildirib ki, hazırda araşdırma aparılır.
İyulun 16-da isə "İnqilabın Səsi” platformasının üzvü Məhərrəm Əkbərova Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.