İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir

İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir

16-10-2024 12:45 / Bu xəbər 691 dəfə oxundu

Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir. 

Senzura və kontentin manipulyasiyası seçicilərin dünyadakı seçkilərlə bağlı bilgili qərarlar vermə bacarığına zərbə vurub. 

Bunu "Freedom House" insan haqları təşkilatı 2023-cü ilin iyunundan 2024-cü ilin mayınadək olan dövrə aid hesabatında bildirir.

"İnternet azadlığı 2024" adlı hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-sində isə təkmilləşdiyi bildirilir.

100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 

100-70 xal yığan ölkələr AZAD, 69-40 xal QISMƏN AZAD, 39-0 xal yığanlar isə QEYRI-AZAD ölkələr sayılıblar.

Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.

Azərbaycan və qonşuları

Azərbaycan 34 xalla yenə "qeyri-azad" ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar, 3 xal az qazanıb. Ən böyük düşüşü isə 4 xal geriləmə ilə Qırğızıstan əldə edib.

Azərbaycanın qonşularından Rusiya, Türkiyə, İran "qeyri-azad" ölkələr sırasındadır.

Gürcüstan və Ermənistan isə 74 xalla "azad" ölkələr kateqoriyasına salınıb.

Hesabatda deyilir ki, 2023-cü ilin sentyabrında Qarabağda hərbi əməliyyat zamanı Bakıda bir neçə nəfər, o cümlədən keçmiş diplomat Emin İbrahimov bir aylığa saxlanılıb. Buna əməliyyatı tənqid edən, yaxud münaqişənin dinc həllinə çağıran sosial media postları səbəb olub.

Rəsmi Bakı sözügedən hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. 

Bundan sonra Qarabağdan ermənilərin kütləvi köçü başlanıb. Ermənistan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib, ermənilərə reinteqrasiya planı təqdim etdiyini bildirib.

Keçmiş diplomat E.İbrahimov isə bu ilin iyulunda, bu dəfə xuliqanlıq ittihamı ilə saxlanılıb. 

Özü ittihamı qurama sayır.

Seçkilər necə manipulyasiya edilir

"Freedom House" onu da qeyd edir ki, avtoritar ölkələrdə hökumətyönlü şərhçilər səfərbər olunaraq "biabırçı" saxta seçkiləri azad və ədalətli kimi qələmə veriblər. 

Azərbaycanın da bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisinə bütün dünyadan kontent yaradıcılarını dəvət etdiyi, onların səyahət və Bakıda qalma xərclərini çəkdiyi vurğulanır. 

Deyilir ki, həmin seçki prezident İlham Əliyevin qələbəsi üçün sərt manipulyasiya edilib, saxta seçki müşahidə missiyalarını maliyyələşdirməklə seçkiyə legitimlik donu geyindirilib.

Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət açıqlamayıblar. Ancaq "Freedom House", eləcə də digər insan haqları qurumlarının daha öncəki hesabatları sərt tənqid olunub, bu qurumlar Azərbaycana qarşı koordinasiyaları fəaliyyətdə ittiham ediliblər.

Bu il ölkədə növbədənkənar parlament seçkiləri də keçirilib. 

Hakimiyyət hər iki seçkinin demokratik keçdiyini desə də, ATƏT DTİHB seçkilərin məhdudlaşdırıcı, rəqabətsiz mühitdə gerçəkləşdirildiyini bildirib. 

Müstəqil müşahidəçilər və media qurumları çoxsaylı pozuntuları qeydə alıblar.

Hesabatda Avrasiyada internet azadlığının gerilədiyi, Rusiyanın 20 xalla regionda ən az xalı qazandığı vurğulanır. 

Kremlin Ukraynaya qarşı tammiqyaslı işğalı isə bu ölkədə internet azadlığına zərbə vurub. Belə ki, Rusiya ordusu internet infrastrukturunu dağıdıb, işğal etdiyi ərazilərdə təkmil senzura rejimi qurub.

Myanma və Çin dünyada internet azadlığı üçün ən pis mühitin olduğu ölkələr sayılıb.