İrana gedən azərbaycanlı tələbə ilə bağlı müəmma: "Dayısı da gedib, tapa bilməyib"
27-04-2023 12:56 / Bu xəbər 1653 dəfə oxundu
Dilarə Əsgərova: "Qardaşım getmişdi, ona deyiblər ki, bizdə deyil, həbs edilməyib”
İrana səyahət etmiş Azərbaycan vətəndaşı Fərid Səfərlidən artıq 2 aya yaxındır ki, xəbər yoxdur.
Bu müddət ərzində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dəfələrlə İrana sorğu göndərib, lakin Fərid Səfərlinin harada saxlanılması və taleyi ilə bağlı məlumat verilməyib.
Anası Dilarə Əsgərova deyir ki, özü də İrana səfər edib, Tehran və ətraf bir neçə bölgədə oğlunu axtarıb, lakin ondan hər hansı bir iz tapa bilməyib: "Nə mən, nə də Azərbaycan hökuməti Fərid haqqında indiyədək dəqiq bir məlumat ala bilmişik. İran hökuməti məlumat vermir. Qardaşım getmişdi, ona deyiblər ki, bizdə deyil, həbs edilməyib. Əgər, həqiqətən, belədirsə, Azərbaycan indiyədək İrana Fəridlə bağlı dəfələrlə nota verib, niyə bu nortalardan birinə rəsmi cavab vermirlər? Vətəndaşa şifahi məlumat vermək asandır”.
Ana bildirir ki, Fərid əgər, həqiqətən, həbs edilməyibsə, İranda deyilsə, o zaman rəsmi cavab verilməlidir: "Mən çox narahatam. O dövlət necə idarə olunur, mənə maraqlıdır. Bir vətəndaş haqqında məlumat vermək nə qədər çəkə bilər, nə qədər çətin ola bilər? Böyük bir ailənin faciəsinə çevrilmiş hadisədir, İran dövləti buna niyə biganədir, anlaya bilmirəm”.
XİN sorğu göndərib, cavab verilməyib
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Meydan TV-yə bildirib ki, Fərid Səfərli ilə bağlı onlarda da hələ ki bir məlumat yoxdur. Rəsmi məlumat olan kimi ictimaiyyətə açıqlayacaqlar: "Biz dəfələrlə İrana Fərid Səfərli ilə bağlı sorğular göndərmişik, məsələni diqqətdə saxlayırıq, üzərində daim işləyirik. Lakin hələlik İran tərəfi bu barədə rəsmi açıqlama verməyib”.
Dilarə Əsgərova bildirib ki, İranın Azərbaycandakı səfirliyindən ona oğlu barədə tezliklə məlumat veriləcəyini desələr də, söz vermələrin üzərindən xeyli vaxt keçib, lakin yenə bir məlumat ala bilməyib.
Fərid Səfərlinin taleyi ilə bağlı Azərbaycanın İrandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Almaniyanın Jena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün deyil.
Fərid Səfərli İrana niyə və nə zaman gedib?
Anası Meydan TV-yə bildirib ki, o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.
Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.
Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.
O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Bu ilin yanvarında Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum olub.
Nəticədə bir nəfər ağır yaralanıb, bir nəfər isə ölüb.
Bu səbəbdən yanvarın 29-da Azərbaycan İrandakı səfirliyində çalışanları ölkəyə təxliyə edib. Beləliklə, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.
Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmayıb.
Həmin vaxt XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi.
Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı "terror aktı” nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.