İranda həbs olunan azərbaycanlı tələbəyə hökm oxunub

İranda həbs olunan azərbaycanlı tələbəyə hökm oxunub

18-08-2023 16:53 / Bu xəbər 791 dəfə oxundu

Anası: "Fəridə son söz imkanı verilməyib, hakim qərarı kabinetində çıxarıb”

İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin məhkəmə araşdırması başa çatıb.

Anası Dilarə Əsgərova mətbuata deyib ki, Fərid Səfərliyə 2 il həbs cəzası verilib.

"Fəridlə dünən danışdıq. Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb. Fərid qərarı məktub şəklində alib. Oğlum qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, – Dilarə Əsgərova deyib.

Almaniyanın Yena Universitetində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehrana gedib.

O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb.

Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub.

Fərid Səfərli istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq” ittihamı "casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.