İsveçli deputat nazirə sorğu göndərib: “Qubad İbadoğlu üçün zaman tükənir, siz nə etmək fikrindəsiniz?”

İsveçli deputat nazirə sorğu göndərib: “Qubad İbadoğlu üçün zaman tükənir, siz nə etmək fikrindəsiniz?”

15-02-2024 15:40 / Bu xəbər 755 dəfə oxundu

Erik Hellsborn hesab edir ki, Azərbaycanın repressiv hakimiyyətinə təzyiq edilməlidir

İsveç parlamentinin deputatı Erik Hellsborn hazırda həbsdə olan iqtisadçı Qubad İbadoğlu ilə bağlı İsveç xarici işlər naziri Tobias Billströma sorğu ünvanlayıb.

Bu barədə "X” sosial şəbəkəsində də yazan deputat sual edib: "Qubad İbadoğlu üçün zaman tükənir, siz nə etmək fikrindəsiniz?”.

Erik Hellsbornun sorğusu Qubad İbadoğlunun azad olunması və son günlər səhhətinin kritik şəkildə pisləşməsi ilə bağlıdır.

O bildirir ki, ötən ilin iyulundan azərbaycanlı iqtisadçı, professor Qubad İbadoğlu çirkli pulların yuyulması ittihamı ilə həbsdə saxlanılır. "Amnesty International” onu vicdan məhbusu sayır, Avropa Parlamenti isə onun azad olunması ilə bağlı qətnamə qəbul edib.

Hələlik  bu çağırışlar cavabsız qalıb: "Üstəlik, repressiv Azərbaycan rejimi müxalif fikirli insanların təqib olunmasını gücləndirib. Sülh və Demokratiya İnstitutunun hesabatına görə, ölkədə siyasi məhbusların sayı bir ildə 2 dəfədən çox artıb”.

Deputat bildirib ki, Qubad İbadoğlu üçün zaman tükənir: "Onunla görüşə icazə verilən yeganə kənar şəxs olan vəkili bildirib ki, professorun səhhəti çox pisləşib. Ona adekvat tibbi yardım göstərilmir, yalnız ən elementar ehtiyacları və bəzi dərmanlarla təmin olunur. İbadoğlunun ailəsi ehtiyat edir ki, əgər lazımi müalicə tədbirləri görülməsə, o, çox yaşaya bilməyəcək. Beynəlxalq aləm, o cümlədən İsveç Azərbaycanın repressiv rejiminə təzyiq etməli və göstərməlidir ki, insan hüquq və azadlıqlarının bu şəkildə pozulması yolverilməzdir”.

Erik Hellsborn İsveçin xarici işlər nazirindən soruşur: "Professor Qubad İbadoğlunun azad edilməsi və ya onun adekvat tibbi yardımla əhatə olunması üçün İsveç hökuməti nə etmək fikrindədir?”.

Qubad İbadoğlunun yaxınları günlərdir onun həbsdə səhhətinin kəskin pisləşdiyini bildirir. Bu barədə danışan qardaşı Qalib Bayramov deyir ki, yeddi aya yaxındır, qanunsuz həbs edilən iqtisadçının səhhətində son günlər kəskin pisləşmələr qeydə alınıb.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən isə bildiriblər ki, Qubad İbadoğlu daimi həkim nəzarətindədir, tibbi xidmətə əli çatır və həyati təhlükəsi yoxdur.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Meydan TV