Jurnalist: "Veysəloğlu" "Səngər TV"-ni bağlatdırmaqla hədələyir

Jurnalist:

05-04-2024 16:35 / Bu xəbər 954 dəfə oxundu

"Səngər TV" "Yutub" kanalının rəhbəri, hərbi jurnalist, Azərbaycan Ordusunun keçmiş zabiti Aqil Alışov təzyiqlərlə üzləşdiyini deyir. 

Bu barədə Aqil Alışov Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə, daxili işlər naziri Vilayət Eyvazova və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətində qeyd edib. 

O, "Veysəloğlu” şirkətinin rəhbəri Aydın Talıbov və özünü onun yaxın adamı kimi təqdim edən Elvin Həsənov tərəfindən təhdid olunduğunu deyir. 

Jurnalistin sözlərinə görə, qazilərin problemlərini işıqlandırdığı üçün şirkət onun peşə fəaliyyətinə müdaxilə edir: "Cənab Prezident, mən, ehtiyatda olan zabit, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Aqil Alışov "Səngər TV" "yutub" kanalının rəhbəri və aparıcısı olaraq, hər zaman şəhid ailələrinin, müharibə əlillərinin və hərbçi ailələrinin hüquqlarının müdafiəsi istiqamətində zaman-zaman yazılar yazmış, araşdırmalar aparmışam və çəkilişlərlə çıxış etmişəm. Hər zaman ölkə prezidentinin apardığı siyasi kursu dəstəkləmiş, orduda aparılan islahatlarla bağlı geniş açıqlamalar verib, araşdırmalar aparmışam. Bütün verlişlərimi dövlət siyasətinin üzərində qurmuş, bu gün də davam etdirirəm". 

"Şəhid qardaşı və 2-ci qrup müharibə əlili, ehtiyatda olan mayor Mansur Məmmədovun pozulmuş hüquqlarını onun müraciəti əsasında rəhbərlik elədiyim "Səngər TV" youtube  kanalında işıqlandırdığıma görə, "Veysəloğlu” şirkətinin rəhbəri Aydın Talıbov və özünü onun yaxın adamı kimi təqdim edən Elvin Həsənov tərəfindən təhdid olunuram", - deyə Alışov qeyd edib. 

O bildirib ki, şirkət təmsilçisi ondan kanalda yayımlanan videoların silinməsini tələb edir, əks halda, başqa addımlar atacağını deyir: "Həmin Elvin Həsənov (050) 883 71 78  nömrəli telefonla mənə zəng edərək tələb edir ki, şəhid qardaşının Prezident İlham Əliyev cənablarına ünvanlanan şikayət xarakterli video-müraciəti tamamilə kanaldan silim. Əks halda, o, mənim rəhbəri və aparıcısı olduğum  "Səngər TV" kanalına qarşı müxtəlif üsullarla, hakerlərin total hücumu vasitəsi ilə şikayətlər edəcəyini bildirərək kanalı bağladacağı ilə təhdid edir".

Jurnalist qeyd edib ki, hansısa bir şirkət məsələyə aydınlıq gətirmək əvəzinə təhdid yolunu seçirsə, bu, Azərbaycan qanunvericiliyinə ziddir, eyni zamanda, jurnalistin peşə fəaliyyətinə maneədir. 

"Sizdən xahiş edirəm ki, mənə və mənim jurnalist fəaliyyətimə qarşı olan təhdidlərin qarşısının alınması istiqamətində köməklik göstərəsiniz. Həmçinin aidiyyəti dövlət orqanları tərəfindən qeyd olunan məsələlərin araşdırılması məqsədilə göstəriş verməyinizi Sizdən xahiş edirəm", - deyə jurnalist Prezidentə müraciətində yazır. 

"Veysəloğlu” şirkətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.