Kərəm Həsənovun “Lotu Quli”nin öldürüldüyü oteli satışa çıxardığı bildirilir

Kərəm Həsənovun “Lotu Quli”nin öldürüldüyü oteli satışa çıxardığı bildirilir

06-02-2024 14:06 / Bu xəbər 597 dəfə oxundu

Antalyada bir neçə il öncə kriminal avtoritet "Lotu Quli”nin (Nadir Səlifov) öldürüldüyü "Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelin satışa çıxarıldığı bildirilir. 

Otelin satışa çıxarılmasının səbəbi  bilinmir.

Antalyada yerləşən "Alva Donna Exclusive Hotel Spa” oteli prezidentin köməkçisi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus olduğu barədə bir neçə ildir ki, ölkə mətbuatında məlumatlar yayılır. 

İndiyə qədər isə həmin məlumatlar təkzib olunmayıb. 

Bildirilir ki, Kərəm Həsənov oteli satmaqla ümumiyyətlə kriminal aləmdə özü ilə bağlı gedən söz-söhbətlərə son qoymağa çalışır. 

Məlumata görə, "Lotu Quli"nin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayev də Kərəm Həsənova çox yaxın adamdır. Bu şəxs "DetAl Holdinq"in baş direktoru olub. Adıçəkilən holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.
 
"Lotu Quli”kimi tanınan Nadir Səlifov 2020-ci ildə Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi "Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan "Xan Bakinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib.

Kərəm Həsənova gəlincə, ölkənin uğursuz məmurlarından biri kimi xarakterizə edilən bu şəxs tez-tez qalmaqallarla gündəmə gəlir. 

Bildirilir ki, bundan əvvəl adı falçıya 1 milyon manat verilməsi ilə gündəmə gələn Həsənovla bağlı birmənalı fikir yoxdur. Belə ki, Kərəm Həsənovun bacısı 1 milyon manata yaxın dələduzluğun qurbanı olub. O, falçıya 1 milyon manat pul verib və aldadıldığını bilib. Bu iş isə məhkəməyə qədər uzanıb. 

Ona görə də 7 fevral prezident seçkilərindən sonra Kərəm Həsənovun hakimiyyətdə yeni komandada təmsil olunmayacağı barədə də məlumatlar yayılır. Görünür, Həsənov bütün bunları nəzərə alıb özünü "təmizləmək" prosesinə start verib.
 
Mövzu ilə bağlı Kərəm Həsənovdan münasibət almaq mümkün olmayıb.