Kiprdə yaşayan türkoloq alim: “Kitabımı Qarabağ müharibəsi şəhidlərinə ithaf etmişəm”

Kiprdə yaşayan türkoloq alim:  “Kitabımı Qarabağ müharibəsi şəhidlərinə ithaf etmişəm”

18-06-2021 16:49 / Bu xəbər 2431 dəfə oxundu

Şimali Kiprdə yaşayan azərbaycanlı türkoloq-alim, Girne Amerikan Universitetinin Türk dili kafedrasının müdiri Elza Alışova Dəmirdağın "Azerbaycan türkçesi söz dizimi” ("Azərbaycan türkcəsinin sintaksisi”) kitabı çap olunub.  

"Toplum TV” fəaliyyəti və yeni kitabı ilə bağlı onunla söhbət edib.  

- Elza xanım, əvvəlcə özünüz haqqında - Şimali Kiprə gedənə qədərki həyatınız haqqında danışmağınızı istəyirəm.  

- Cəbrayılın Böyük Mərcanlı kəndində doğulmuşam, 14 yaşıma qədər orada yaşamışam. 1993-cü ildə torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunandan sonra Saatlı rayonu Qara-Nuri kəndinə yerləşmişik, orta məktəbi orda bitirmişəm. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı ixtisasını bakalavr, 2003-cü ildə isə həmin universitetin ümumi dilçilik ixtisasının magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirmişəm. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində aspirantura təhsilimi davam etdirmişəm, 2014-cu ildə ordan filologiya üzrə fəlsəfə doktoru kimi məzun olmuşam. 1998-2006-cı illərdə Azərbaycanda "Üç nöqtə”, "Mərkəz”, "Vətəndaş Həmrəyliyi”, "Xalq Cəbhəsi”, "Cümhuriyyət”, "Yeni Müsavat”, "Bakı-Xəbər” və digər qəzetlərdə işləmişəm. "Azərbaycan Naminə” İctimai Forum və "Yeni Siyasət” seçki blokunun Mətbuat Xidmətinin rəhbəri, Seçici Qadınlar Liqasının sədri vəzifələrində çalışmışam. 2007-ci ildə ailə quraraq Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə köçmüşəm. 2014-cü ildən etibarən Girne Amerikan Universitetinin təhsil fakültəsinin Türk dili kafedrasının müdiri kimi fəaliyətimi burada davam etdirirəm. 

- Başqa bir ölkədə Azərbaycan türkcəsiylə bağlı kitab yazmaq fikri necə yarandı?  
 

- Türkiyədə Azərbaycan dilinin qrammatikası ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, sintaksis sahəsinə geniş yer verilməyib. Bu mənim diqqətimi çəkdi. Əslində, digər türk dilləri ilə bağlı tədqiqatlar yetərincədir. Amma Azərbaycan türkcəsi o qədər də geniş örənilməyib. Bəlkə də Azərbaycan Türkiyəyə daha yaxın sayıldığı üçün belə bir araşdırmaya ehtiyac olmayıb. Digər tərəfdən, indiyədək işıq üzü görən kitablar Türkiyə türkcəsi qrammatikasına uyğun olaraq yazıldığı üçün Azərbaycan dilinin qrammatıkasını tam olaraq əks etdirmir. Bu sahədə geniş boşluq olduğunu görüb bu kitabı yazmaq qərarına gəldim. Məqsədim sadəcə Azərbaycan türkcəsinin sintaksisini araşdırmaq deyil, eyni zamanda, iki yaxın dil arasındaki bənzərlik və fərqliliklərə diqqət çəkməkdir. Hər nə qədər yaxın, eyni köklü dillər olsa da, fərqlər kifayət qədərdir. Kitabda bütün bunlara geniş yer verilib.  

- Ən çox nələrə diqqət çəkmisiniz? 

- Bu, Türkiyədə Azərbaycan dilinin sintaksisi haqqında yazılan ilk kitabdır. Azərbaycan türkcəsinin sintaksisini ətraflı araşdırıb Türkiyə türkcəsinin sintaksisi ilə müqayisə etmişəm, bunun üçün orijinal əsərlərdən seçdiyim nümunələrdən istifadə etmişəm. Həm Azərbaycan, həm də Türkiyə türkcəsinin sintaksisinə aid fərqli fikirləri kitaba daxil etmişəm. Qarşılaşdırmanın daha səmərli olması üçün hər iki dildə sintaksislə bağlı yazılan kitapların hamısını araşdırmışam. Türkiyə türkcəsinin qrammatikasında mövcud olan üsuldan istifadə etsəm də, Azərbaycan türkcəsinin sintaksisindəki özəlliklərə də yer vermişəm. Bununla da tədqiqatın ikitərəfli olmasını təmin etmişəm. Beləliklə, hər iki dilin sintaksisindəki oxşarlıq və fəqliliklər daha açıq bir şəkildə ortaya çıxıb. Bu kitab Türkiyədə Azərbaycan türkcəsi sintaksisindən bəhs edən ən geniş miqyaslı tədqiqat əsəridir. Kitab yeddi fəsildən ibarətdir: sintaksisin tədqiqat sahəsi, Azərbaycan türkcəsi sintaksisində sintaksis əlaqələri, söz birləşmələri, cümlə və üzvləri, cümlə və növləri, mürəkkəb sintaktik bütövlər və durğu işarələri. 
 
- Araşdırmanızda iki dil arasındakı əsas hansı fərqlər ortaya çıxdı?  

- Bəzi sintaksis terminlərinin türk dilində qarşılığının olmadığını gördüm. Ümumiyyətlə götürəndə, Azərbaycan türkcəsinin sintaksisi ilə Türkiyə türkcəsinin
sintaksisinin tədqiqat sahələri bir az fərqlidir. Azərbaycan sintaksisində söz birləşmələri sintaksis əlaqələrə görə təsnif olunduğu halda, Türkiyə türkcəsində belə bir üsul mövcud deyil. Bu fərqlilik özünü terminilogiyada da göstərir. Bunu nəzərə alaraq kitaba iki dilin sintaksis terminlərinin lüğətini də əlavə etdim. İki dil arasındaki anlaşılmayacaq sintaksis terminlərinin Türkiyə türkcəsində qarşılığını yazdım. Düşünürəm ki, kitap nəinki Azərbaycan türkcəsinin sintaksisi ilə bağlı araşdırma aparacaq tədqiqatçılara yol göstərəcək, eyni zamanda, kitabdan geniş oxucu kütləsi də yararlana biləcək.  

Daha bir vacib məqamı qeyd etmək istəyirəm. Kitabımı Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə ithaf etmişəm. Doğulduğum torpaqlar işğal olunanda mənim 14 yaşım vardı. 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizi Azərbaycan ordusunun igid əsgərləri öz canları, qanları bahasına azad etdilər. Şəhidlərə olan borcumuzu ödəmək əsla mümkün deyil. Doğma torpağımı öz canı hesabına geri alan şəhidlərimizə mən də kitab ərməğan eləmək istədim. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm…