"Kristal Abşeron"dan şikayət: "Sakinlərdən yığılan pullar hara gedir, bilinmir" - HƏYATIMIZ TƏHLÜKƏDƏDİR

19-02-2022 00:53 / Bu xəbər 1327 dəfə oxundu

 Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 130A və 130C ünvanlarında yerləşən yeni binanın sakinləri "Kristal Abşeron” MTK-dan şikayətçidirlər.

Onlar deyirlər ki, "Kristal Abşeron”un nəzdindəki "Xəzər İnşaat XXI Əsr” şirkəti süni kommunal xidmətlərin qiymətini 7 manat artırıb.

Sakinlərin Meydan TV-yə dediyinə görə, sözügedən MTK onların müraciətlərinə baxmır, süründürməçilik edir: "Şirkətin Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev 32/24 ünvanında yerləşən baş ofisləri ilə əlaqə saxlayırıq. Deyirlər ki, yaşadığımız yerin tikinti üzrə cavabdeh ofisinə yaxınlaşıb şikayətlərimizi bildirək. Lakin sahə üzrə ofisə təyin olunan işçi qrupu sakinlərin şikayətlərinə qeyri-ciddi yanaşırlar, problemlərin həllindən yayınırlar”.
 
Sakinlər razılıq vermədikləri halda, yaşayış binasının idarəedilməsinin "Nizami-9” MMMC-ə həvalə edilib. Üstəlik, tərəflər arasında xidmət müqaviləsi bağlanmadan sakinlərdən hər mənzil üzrə pul vəsaiti yığılması ciddi narazılıq yaradıb: "Halbuki sakinlərə göstərilən xidmət səviyyəsi çox aşağıdır. Sakinlər tərəfindən istismar yığımı üzrə nəzərdə tutulan ödənişlərin hansı məqsədlər üçün xərcləndiyi barədə məlumatlar tələb edilməsinə baxmayaraq, heç kəsə bu hesabatlar verilmir. Hansısa səbəblərdən gizli saxlanılır. Binanın yanğın xəbərvermə, yanğın sulusöndürmə, yanğın tüstüsovurma sistemləri işləmir, təxliyə üçün nəzərdə tutulan giriş qapısı bağlıdır və bununla da hər hansı yanğın hadisəsi zamanı sakinlərin həyat və sağlamlığına ciddi təhlükə yaradan yüksək risklər yaranmaqdadır”.