Lamiyə Orucova: "Əziz Orucovun psixoloji və fiziki durumu bərbaddır"

Lamiyə Orucova:

08-06-2024 02:16 / Bu xəbər 867 dəfə oxundu

"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova iyunun 6-da onunla görüşüb. 

Bu barədə "Amerikanın Səsi"nə onun özü bildirib.

"Əziz Orucovla görüşdüm. Psixoloji və fiziki durumu bərbad idi. Bir həftə ərzində (ötən görüşümüzdən bəri) 10 kq çəki itirib.Bir həftə ərzində bu qədər çəkinin itirilməsi normal deyil. Gözlə görünən çox ciddi fərq var idi. O qədər ciddi fərq var idi ki, qızı atasını tanımadı, ona yaxın getmədi. Əziz qucaqlamaq istəyəndə Sən Əziz deyilsən deyib qışqırıb ağladı”, - Lamiyə Orucova qeyd edib.

Əziz Orucovun həyat yoldaşı onun səhhəti ilə bağlı narahatlığını ifadə edib.

"Buradan həyəcan təbili çalıram. Bu templə Əziz çəki itirməyə davam etsə, səhhətində ciddi problemlər yaranacaq. Onsuz da mədəsində və böyrəklərində ciddi problemləri var. Kəskin çəkinin itirilməsi daha ciddi problemlərdən xəbər verir”, - o əlavə edib.

Lamiyə Orucova qeyd edir ki, bu ay ərzində Əziz Orucovun həbs müddətinin uzadılmasının vaxtı bitəcək.

Öz növbəsində, Penitensiar Xidmət rəsmi olaraq Əziz Orucovun səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib. 

Penitensiar Xidmətin Müalicə Müəssisəsi isə məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab vermir.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. 

Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.