Masallı sakini: “Əhəd Abıyevin qohumları bizə yaşamağa imkan vermir”
01-10-2022 21:56 / Bu xəbər 2176 dəfə oxundu
Əhəd Əhədov: "Vətəndaşı hansısa məsələyə münasibətinə, şikayət yazdığına görə terrora məruz qoymaq nə qanunlara sığır, nə də insanlığa…”
Masallı sakini Əhəd Əhədov deyir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qohumları onunla ədavət aparır. Onun sözlərinə görə, əslən Masallıdan olan icra başçısının qohumları həm özünə, həm də qohumlarına müxtəlif formada təzyiq göstərir.
"Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”
"Əhəd Abıyevin qohumları bizə yaşamağa imkan vermir…”, – 70 yaşlı şikayətçi Meydan TV-yə belə deyib.
Masallı sakininin sözlərinə görə, Azər və Spartak Nadirov qardaşlarının ona və ailə üzvlərinə qarşı törətdiyi hərəkətlərdə icra başçısından tutmuş, polis rəisinə qədər hamı xəbərdardır. Amma onların qarşısını alan yoxdur.
"Birinci qrup əlil olan oğlum – 1979-cu il təvəllüdlü Emin Əhədovu Azər və Spartak küçədə döyüb, qolunu, qabırğasını sındırıblar. Oğlum 1 ay Travmatologiya İnstitutunda yatdı. Hadisə olan yerdə çoxsaylı kameralar var. 49 gün heç bir iş görmədilər. Müstəntiq dəyişəndən sonra müəyyən qədər iş getdi. Təsəvvür elə, şahidlər təqdim edirdik, baxmırdılar, dindirmirdilər. Düzü, daxili işlər nazirinin qəbulunda olandan sonra irəliləyiş oldu, cinayət işi başlandı. Heç bu işin üstünü açıb, günahkarı cəzalandırmamış oğluma qarşı yenidən cinayət törədildi. Düz evimizin qarşısında onu döyüb burnunu sındırdılar…”.
"Aramızdakı ədavət şəhər sovetinin binasına görə başlayıb”
Əhəd Əhədov iddia edir ki, Nadirov qardaşlarını rayonda vəzifədə çalışanlar arasında himayə edənlər var. Bu üzdən onlar məsuliyyətə cəlb olunmur.
Masallı sakinləri Nadirov qardaşlarıyla aralarındakı ədavətin səbəbindən də danışıb.
O bildirib ki, Masallıda vaxtilə şəhər sovetinin binası olmuş tikilinin bu ailəyə verilməsinə etiraz etdiyinə görə ona qarşı kin yaranıb: "Bunlar bir dəfə o binanı almışdılar. Qəzənfər Ağayev icra başçısı gələndən sonra o binanı qaytardı. Çünki qanunsuz verilmişdi. Şahin Məmmədov icra başçısı gələndən sonra Əmlak Komitəsi vasitəsilə yenidən o binanı aldılar. Əslində, qanunsuzluq eləmişdilər. Çünki dövlətin əmlakı hərracda satıla bilər. Hərrac keçirib-eləmədilər. Mən bu məsələ ilə əlaqədar Prezident Administrasiyasına teleqram göndərmişdim, qanunsuzluğa yol verildiyini demişdim. Ədavət də buradan başlayıb. Bu məsələdə mən haqlıyam, ya yox – məsələ bunda deyil. Vətəndaşı hansısa məsələyə münasibətinə, şikayət yazdığına görə terrora məruz qoymaq nə qanunlara sığır, nə də insanlığa. Bir ildir məni bezdiriblər. Əhəd Abıyevin qohumlarıdır deyə, qarşılarını alan da yoxdur”.
"Böhtan və təhqirə görə cəzalandırılsın!”
Nadirovlar isə Əhəd Əhədovun onlara böhtan atdığını iddia edir. Azər Nadirov onun təhqir və böhtana görə cəzalandırılması üçün 2022-ci ilin iyulunda Masallı Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Amma bir müddət sonra məhkəməyə ərizə göndərib ki, şikayətini geri götürür, iddiasına baxılmasın. Məhkəmə də bunu nəzərə alaraq, avqustun 12-də şikayətin icraata götürülməsindən imtina qərarı çıxarıb.
Bir müddət sonra – sentyabrda o, yenidən eyni eyni məzmunlu iddia ərizəsilə Masallı Rayon Məhkəməsinə şikayət edib, Əhəd Əhədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. Bu dəfə də məhkəmə onun şikayətinə baxmaqdan imtina edib.
Cinayət işləri başlanıb
Polis əməkdaşlarının Masallıda Nadirov qardaşlarının özbaşınalıqlarına göz yumması haqda Əhəd Əhədovun iddialarına Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən cavab verilib.
İdarənin rəisi Emil Usubov bildirib ki, Əhəd Əhədovun oğlu Eminin döyülüb xəsarət alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsində 13 iyun 2022-ci ildə Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
27 avqustda Spartak Nadirov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib: "Cinayət işi nəzarətə götürülməklə, hazırda şikayətdə göstərilən xüsusatlar və işin digər halları araşdırılmaqla, istintaq aparılır”.
Masallı Rayon Prokurorluğundan bildirilib ki, Emin Əhədovun sonradan bir daha döyülməsilə əlaqədar da ayrıca cinayət işi başlanıb: "Emin Əhədovun döyülüb, yüngül dərəcəli bədən xəsarəti alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində 15 sentyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanmaqla, istintaq aparılır”.