Məhkəmə Ələsgər Məmmədlini həbsdə saxlayıb

Məhkəmə Ələsgər Məmmədlini həbsdə saxlayıb

24-05-2024 15:26 / Bu xəbər 695 dəfə oxundu

"Toplum" TV-nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Bu barədə mayın 24-də Bakının Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Vəkil Aqil Layıc bildirib ki, Ələsgər Məmmədlinin səhhəti pisləşməkdə davam edir: "O, xəstəxana şəraitində müayinə edilməli və müalicə almalıdır, bu da həbs şəraitində mümkün deyil. Təəssüf ki, Xətai Rayon Məhkəməsi vəsatətimizi təmin etmədi".

Vəkilin sözlərinə görə, Məmmədlinin qalxanabənzər vəzində olan şiş onda boğulmalar yaradır.

Müdafiə tərəfi məhkəmə qərarını antihumanist qərar kimi dəyərləndirib və qərardan apelyasiya şikayəti veriləcəyini bildirib.

Bundan başqa, Məmmədliyə səmərəli tibbi yardımın təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verilib.

Penitensiar Xidmət rəsmi olaraq Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib. 

Ələsgər Məmmədli martın 8-də saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl, martın 6-da "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. 

Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.