Mehman Əliyev: "Azərbaycanda media qurumlarının əksəriyyəti hakimiyyətə bağlıdır"
27-07-2021 14:05 / Bu xəbər 8002 dəfə oxundu
"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev medianın mövcud durumu və çıxış yollarından bəhs edən geniş məqalə ilə çıxış edib.
İyulun 17-də "Turan” agentliyinin veb versiyasında yayımlanan məqalədə jurnalistikanın sağlamlaşdırılması və "4-cü hakimiyyət”in iqtisadi cəhətdən gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Bu təkliflər reallaşacağı təqdirdə Azərbaycanın media seqmentində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş verə bilər.
Bu baxımdan, Mehman Əliyevin sözügedən məqaləsi müzakirə mövzusuna çevrilməli idi. Amma nədənsə mətbuat nümayəndələri məqaləni görməzdən gəldilər. Daha doğrusu, məqalə "ev müzakirələri”nin kölgəsində qaldı.
Qaynarinfo həmin təklifləri təkrar gündəmə gətirmək məqsədi ilə Mehman Əliyevlə söhbətləşib.
- Mehman bəy, "Mətbuat öldü. Yaşasın media!” başlıqlı məqalənizdə medianın inkişafı üçün bir sıra təkliflər irəli sürmüsünüz. Bu gün medianı düşdüyü acınacaqlı durumdan çıxarmaq üçün həyatı əhəmiyyət daşıyan reklam bazarının reanimasiyasının yollarını göstərmisiniz. Məntiqlə məqalə media seqmentində ciddi müzakirələrə səbəb olmalı idi. Amma bu baş vermədi. Sizcə, səbəb nədir?
- Bunun bir neçə səbəbi var. Əvvəla, Azərbaycanda media qurumlarının əksəriyyəti bu və ya digər formada hakimiyyətə bağlıdır. Həmin media qurumları hökumət dairələrindən müxtəlif üsullarla maliyyə alır. Bu baxımdan, onlar üçün mətbuatın durumu önəmli deyil. Yəni, onların reklam bazarına, jurnalsitikanın sağlamlaşdırılmasına və s. bu kimi məsələlərə ehtiyacı yoxdur. Hər ay pulunu alır, heç iş də görmür.
- Yəni deyirsiniz ki, hakimiyyətdən hansısa yollarla maliyyə alan media qurumları əlavə pul qazanmaq istəmir?
- Mən "ehtiyacı yoxdur” fikrini o anlamda deyirəm ki, reklam olmasa da, onların hər ay pulu gəlir. Ola bilər ki, bundan da artıq pul qazanmaq istəsinlər. Amma "yuxarılar”ın bu məsələ ilə bağlı fikrini bilməmiş heç nə danışmayacaqlar. Ev məsələsində olduğu kimi. "Yuxarı”dan dedilər belə edin, onlar da etdilər. Demək istəyirəm ki, əgər medianın inkişafı ilə bağlı təklifləri müzakirə belə, etməyə həvəs göstərməyən mətbuat nümayəndələri bir tərəfdən maliyyə cəhətdən təmin olunublar, digər tərəfdən də müstəqil fikir yürütmək imkanından məhrumdurlar. Ona görə də susurlar. "Yuxarılar” bir fikir bildirməyənə qədər susacaqlar.
- Amma ölkədə müstəqil media adına iddia edənlər də var. Məqaləniz onların da diqqətindən kənarda qaldı...
- Açığı, məqalə bir neçə saytda yayımlandı. Amma müzakirələr həqiqətən də olmayıb. Bilirsiniz, media cameəsinin əksəriyyəti hardansa nəsə alır və mənə elə gəlir ki, bu, onları qane edir.
- Mehman bəy, irəli sürdüyünüz təkliflər medianın simasını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu təkliflərin reallaşmasına nail olmaq üçün jurnalistlərin üzərinə düşən vəzifə nədir?
- Maraqlı və çətin sualdır. Baxın bu gün jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina ilə bağlı qalmaqal yaşanır. Bu məsələ ətrafındakı müzakirələr qarşıqlıqlü ittihamlarla müşayiət olunur. Anormal bir vəziyyət yaranıb.
Təsəvvür edin, birinci dəfə ev məsələsi gündəmə gələndə jurnalistlərin bir hissəsi bunun lehinə, bir hissəsi isə əleyhinə idi. İndi vəziyyət bir qədər fərqlidir. Hamı deyir ki, jurnalist hökumətdən ev almalıdır. Amma heç kim demir ki, bu düz deyil axı. Yəni, jurnalistikada baxışlar, yanaşmalar dəyişib. Biz hansı jurnalistikadan danışırıq axı?! Xəstə jurnalistikadır. Baxın, hakimiyyətdən hansısa yolla maliyyə alır, heç nə etmir, yaxud baş aldadır. Amma bahalı maşınlarda gəzir, villalarda yaşayır və s. Bu adamlar nə təklif verə bilər, medianı sağlamlaşdırmaq üçün hansı addımlar ata bilər axı?
- Yenə də müstəqil jurnalistlərin olduğunu xatırlatmaq məcburiyyətindəyəm...
- Onların da əksəriyyəti hakimiyyətə kritik yanaşanlardır. Tutaq ki, reklam bazarının formalaşdırılmasını dövlət təmin etməlidir. Hökuməti tənqid edən jurnalistlər illərdir bu barədə danışırlar, amma nəticə yoxdur. Yenə də belə olacaq.
Mən hələ 2004-cü ildə bu barədə yazmışam. Həmin vaxt çap mediası çökdürülürdü. Media reklam bazarının formalaşdırılması gündəmə gəlmişdi. O zaman Əli Həsənov deyirdi ki, biz nə edək, qəzetləri oxumurlar. Əli Həsənov çap mediasının acınacaqlı duruma düşməsinə görə qəzetləri ittiham edirdi. Əslində isə qəzetlərin çöküşü hakimiyyətin, elə Əli Həsənovun media siyasətinin nəticəsi idi. O zaman mən araşdırma apardım və Əli Həsənova sübut elədim ki, çap mediasının çöküşü heç də bacarıq və keyfiyyət məsələsi ilə bağlı deyil. Bütün bunların kökündə media ilə bağlı aparılan siyasət dayanır.
Nümunələr var. Məsələn, o vaxt "Azadlıq”, "Yeni Müsavat” və başqa qəzetlər çalışırdılar, materialların keyifyyətinə diqqət edirdilər ki, qəzet maraqlı çıxsın. Pis-yaxşı satılırdı bu qəzetlər, cüzi də olsa, gəlir əldə edirdilər.
Amma sonra nə baş verdi? Bizim dartışmalarımızın sonucu olaraq Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yarandı. Biz başqa cür görürdük bu qurumu. Amma hakimiyyət siyasətini dəyişmədi. KİVDF media qurumlarını dövlətdən asılı vəziyyətə salan bir quruma çevrildi. Medianı iflic elədilər.
Yenə də deyirəm, reklam bazarının formalaşdırılmasını dövlət təmin etməlidir. Keçid dövrü olmalıdır. Sosial reklamlardan istifadə olunmalıdır. Sosial reklamlar həm də dövlətin və cəmiyyətin inkişafı üçün önəmlidir. Kommersiya şirkətləri prosesə cəlb olunmalıdır və s. Düzdür hansısa yolla qazana bilərsən. Yəni, yerli reklamla deyil, məsələn, "Google”un, "Youtube”un reklamları vasitəsilə. Amma bu da asan deyil. Bəlkə də qiymətlər artacaq, deyə bilmərəm. Bir onu bilirəm ki, indiki siyasət çərçivəsində medianı düşdüyü acınacaqlı durumdan çıxarmaq mümkün deyil.
- Güclü media dövlətə də lazımdır. İkinci Qarabağ savaşında biz Azərbaycan mediasnın necə axsadığını gördük. Sizcə, nəhayət, hakimiyyət ölkədə güclü media platformasının yaranmasına imkan verəcək?
- Hakimiyyətin yanaşması belədir ki, bir tərəfdən güclü medianın formalaşmasını istəyirlər, digər tərəfdən isə medianı nəzarətdə saxlamaq. Yəni, mahiyyəti dəyişmək istəmirlər. İqtidar düşərgəsində belə bir ziddiyətli yanaşma mövcuddur. Ona görə də çox çətin olacaq.
- Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin istifadəsi üzrə prioritet istiqamətlərdə KİV-in inkişafı layihələrinin dəstəklənməsi də var. Amma Fond yaranandan bu günə qədər hansısa media qurumunun güzəştli kreditlə təmin olunması faktına rast gəlinməyib. Sizcə, artıq bu məsələni də gündəmə gətirməyin vaxtı çatıbmı?
- Bilirsiniz, bayaq dediyim kimi, əksəriyyətinin ehtiyacı yoxdur. Kredit götürən onu qaytarmalıdır. Amma qeyd etdiyim kimi əksəriyyəti müxtəkif mənbələrdən maliyyə alır və qaytarmaq kimi problemi də yoxdur. Ehtiyacı olanlara isə ümumiyyətlə vermirlər. Çünki ehtiyacı olanlar hakimiyyəti tənqid edənlərdir.
Vidadi Məmmədov