“Məğlub olacaqlar, lənətlə yad ediləcəklər”

“Məğlub olacaqlar, lənətlə yad ediləcəklər”

23-06-2022 00:12 / Bu xəbər 784 dəfə oxundu

2020-ci il mayın 20-si Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tutulan Müsəlman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədov təhqiramiz işgəncəyə, təcavüzə məruz qaldığını iddia edir.

Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 20-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. 

O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. Polis həmin gün məhkəmə binasının qarşısına toplaşan bir qrup şəxsi, o cümlədən Elgiz Məmmədovu tutub. 

Elgiz Məmmədov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahkar bilinərək 30 sutka azadlıqdan məhrum edilib, iyunun 18-də azadlığa çıxıb.

Tutulduğu gün təcavüzə məruz qaldığını Elgiz Məmmədov iyunun 19-da "Osmanqızı TV” internet kanalına açıqlamasında deyib.

AXCP sədri Əli Kərimli Elgiz Məmmədov olayına belə münasibət bildirib: "Əminəm ki, cinayətkarların məqsədi ölkədəki inanclı kəsimi radikallaşdırmaq, bütün çətinliklərə rəğmən hələ də dinc müstəvidə davam edən siyasi mübarizəni zor müstəvisinə keçirməyə nail olmaqdır.

Ya bütövlükdə Əliyev hakimiyyəti, ya da hakimiyyət daxilindəki bir təsirli güc mərkəzi faktiki odla oynayır. Zor yolu ilə daha uzun müddətə hakimiyyətdə qalmaq məqsədilə ölkə daxilində polislə dindar təbəqəni üz-üzə qoyub, qarşılıqlı nifrəti körükləyir.

Ölkəmizdə siyasi mübarizəni zor, vətəndaş qarşıdurması müstəvisinə keçirməyə çalışanlar Azərbaycanın düşmənləridir. Məğlub olacaqlar və hər zaman lənətlə yad ediləcəklər”.