“Mikroskop Media” haker hücumuna məruz qalıb

“Mikroskop Media” haker hücumuna məruz qalıb

17-09-2023 13:22 / Bu xəbər 996 dəfə oxundu

Baş redaktor Azərbaycan hökumətindən şübhələnir

Xaricdən fəaliyyət göstərən azərbaycandilli media orqanı "Mikroskop Media”nın haker hücumuna məruz qaldığı bildirilir.

Bu barədə Meydan TV-yə saytın həmtəsisçisi və baş redaktoru Fatimə Kərimova danışıb.

O deyib ki, "Mikroskop Media”nın ("mikroskopmedia.com”) saytı hakerlər tərəfindən ələ keçirilib: "Bu gün Bakı vaxtı ilə günorta saatlarında admin panelə daxil olmaq mümkün olmadı.  Ana səhifəni açanda saytın haker hücumuna məruz qaldığını gördük”.

Baş redaktor kibercinayətə görə Azərbaycan hökumətindən şübhələnir: "İlin əvvəlindən etibarən Qarabağda baş verənlərlə bağlı dərc etdiyimiz materiallar və tənqidi mövqeyimizə görə başqa növ hücumlara, təhqir və təhdidə məruz qalmışıq. Eləcə də hökumətyönlü sayt və televiziyalar "Mikroskop Media” ilə bağlı reportajlar paylaşıb, bizi "vətən xainliyi”ndə ittiham ediblər. Ona görə də düşünürük ki, indiki vəziyyət də bizim bu vaxta qədər dərc etdiyimiz materiallarla bağlıdır”.

"Hazırda vəziyyəti aydınlaşdırmağa çalışırıq və bilmək istəyirik ki, nə qədər bərpa etmək mümkün olacaq”, – deyə Fatimə Kərimova bildirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

"Mikroskop Media” 2018-ci ilin fevral ayından fəaliyyət göstərir.

Sayt daha çox Azərbaycanda insan hüquqları, sosial problemlər və gender mövzularına yer verir, həmin mövzularda izahedici materiallar və araşdırmalar dərc edir.