Milli Məclisdə HDP dəstəkçiləri barədə hüquq-mühafizə orqanlarına çağırış

Milli Məclisdə HDP dəstəkçiləri barədə hüquq-mühafizə orqanlarına çağırış

05-05-2023 13:33 / Bu xəbər 1171 dəfə oxundu

"Ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxu HDP-yə səs vermişdi”

Milli Məclisin bu gün keçirilən iclasında Türkiyədə PKK terror təşkilatının siyasi qanadı kimi xarakterizə olunan Xalqların Demokratik Partiyasının (HDP) Azərbaycandakı tərəfdarlarının araşdırılması ilə bağlı təklif verilib. 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

"Türkiyədəki prezident və parlament seçkilərində xaricdə səsvermələr 9 mayda başa çatacaq. Azərbaycanda olan Türkiyə vətəndaşları da seçkilərdə iştirak edəcəklər, səs verəcəklər. Amma ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxu HDP-yə səs vermişdi. HDP terrorla bağlı bir partiya olduğu üçün bu məsələ bizi ciddi narahat edir”, - deyə o bildirib. 

Deputat çağırış edib ki, hüquq-mühafizə orqanları məsələ ilə məşğul olsunlar: "Azərbaycanda yaşayan HDP dəstəkçiləri ilə bağlı araşdırmalar aparılmalıdır. Aşkara çıxarılmalıdır ki, terrorçuları kim dəstəkləyir”.