Milli Şura jurnalistlərin həbsini repressiya dalğası adlandırdı

Milli Şura jurnalistlərin həbsini repressiya dalğası adlandırdı

23-11-2023 13:36 / Bu xəbər 702 dəfə oxundu

"Səbəb yüksək dairələrin korrupsiya əməlləri barədə araşdırmalardır”

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) "AbzasMedia”ya basqını, jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsini hakimiyyətin yeni repressiya dalğası adlandırıb.

Bu barədə noyabrın 22-də DQMŞ-in yaydığı bəyanatda deyilir.

Milli Şura bəyan edir ki, "AbzasMedia”nın bir müstəqil media qurumu kimi sıradan çıxarılmasına hesablanan bu repressiya aktı orada hakimiyyətin yüksək dairələrindəki korrupsiya əməlləri barədə işıqlandırılan araşdırmalardır: "Xalqın sərvətini getdikcə daha çox azgözlüklə talayan Əliyev rejimi həm də bu talançılıq barədə kimsənin danışmamasını istəyir. Hakimiyyət ölkədə onun nəzarətindən kənarda qalan, yürütdüyü soyğunçu, xalqa zidd siyasəti tənqid və ifşa edən ictimai-siyasi təsisat, fəal şəxslər olmasında maraqlı deyil. Bu səbəbdən də müstəqil və tənqidçi fəallara, qurumlara qarşı davamlı repressiya tətbiq edir”.

Milli Şura ADR partiyasının sədri, professor Qubad İbadoğlu, iqtisadçı alim və iş adamı, keçmiş deputat Nazim Bəydəmirli, müstəqil siyasətçi Bəxtiyar Hacıyevin, işçi haqlarını tələb edən kuryerlərin həbslərini yada salaraq qeyd edir ki, həbslərin bu yeni dalğası da AXCP-dən yan keçməyib və hazırda partiyanın siyasi məhbus üzvlərinin sayı yenidən 9 nəfərə çatıb.

Bəyanatda bildirilir ki, həbslərin yeni dalğası ölkənin xarici siyasətindəki dəyişikliklə paralel baş verir: "Azərbaycan müxtəlif bəhanələrlə demokratik Qərb dünyasından daha da uzaqlaşdırılaraq, işğalçı və avtoritar Rusiyaya yaxınlaşdırılır. İlham Əliyev hakimiyyəti ordumuzun Qarabağı işğaldan azad edib, oradakı erməni separatizminə son qoymasından sui-istifadə ilə ölkənin geosiyasi yönünü birmənalı şəkildə Rusiyaya tərəf çevirmək, buna paralel olaraq da ölkə daxilində demokratik ictimaiyyəti – azad mətbuatı, müxalifəti, ictimai fəalları tam susdurmaq planı qurub. Hazırda Azərbaycanda azad media və müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, müxalifətçilər həddindən artıq çətin və riskli şəraitdə azadlıq və ədalət mübarizəsi aparır. Bütün mümkün vasitələrlə aparılan anti-xalq siyasətə etirazını bildirməli, haqq, hüquq davası aparanlara arxa-dayaq olmağı bacarmalıdır”.

Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.

Noyabrın 20-də "AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Onlar bu ittihamın absurd olduğunu, "AbzasMedia”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildiriblər.

Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.