Milli Şura mitinq qərarı verib

Milli Şura mitinq qərarı verib

13-04-2024 13:14 / Bu xəbər 601 dəfə oxundu

Cəmil Həsənli: "Aprelin 15-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək”

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə Milli Şuranın sədri, professor Cəmil Həsənli danışıb.

O bildirib ki, mitinqlə bağlı aprelin 15-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər: "Biz aksiya üçün "Məhsul” stadionunu, Nərimanov və Dərnəgül metrostansiyalarının qarşısını göstərəcəyik. Müraciətdə aksiyanın təhlükəsizliyinin təmin edilməsi də qeyd olunacaq”.

Cəmil Həsənli aksiyanın tələbləri sırasında demokratik seçkilərin keçirilməsi, siyasi məhbuslarının azad edilməsi, korrupsiyaya, talana son qoyulmasının yer aldığını vurğulayıb.

O deyib ki, Bakı Şəhəri İcra Hakimiyyəti aksiyaya icazə verməyəcəyi təqdirdə situasiyaya uyğun qərar verəcəklər.

Aprelin 8-də AXCP sədri Əli Kərimli təşkilat daxilində aksiyalarla bağlı müzakirələrə start verildiyini demişdi.

Əli Kərimlinin sözlərinə görə, mitinqlə bağlı yekun qərar qəbul olunmasa da, partiyanın strukturlarında müzakirələr gedir: "Partiya rəhbərliyində və yerli təşkilatlarda belə bir fikir var ki, hər halda sərbəst toplaşmaq azadlığından istifadə etməyə növbəti dəfə cəhd göstərməliyik”.

Azərbaycanda sonuncu dəfə mitinq 2019-cu ilin yanvarın 19-da keçirilib.

Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq”, "Mehman Hüseynova azadlıq”, "Bu vətən bizimdir”, "Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər.