Müdafiə Nazirliyi Xocalı və Şuşa ətrafında minaların basdırıldığını deyir

Müdafiə Nazirliyi Xocalı və Şuşa ətrafında minaların basdırıldığını deyir

02-02-2024 15:16 / Bu xəbər 545 dəfə oxundu

Ermənistan hələ ki bu məlumata reaksiya verməyib

Azərbaycan Müdafiə Nazirliyi Xocalı və Şuşa ətrafında meşəlik ərazilərin minalandığını açıqlayıb.

Nazirlik həmçinin bildirib ki, yaşayış məntəqələri və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, eləcə də magistral yolların üzərində minalar basdırılıb.

Bu barədə Müdafiə Nazirliyi fevralın 2-də məlumat yayıb.

Nazirlik qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən 36 min hektaradək ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:

"10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb”.

Mənbə: Müdafiə Nazirliyi

Məlumatda həmçinin bildirilir ki, müharibədən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan hərbçiləri tərəfindən minalanıb.

Ermənistan Müdafiə Nazirliyi məsələyə hələ ki, rəsmi münasibət bildirməyib.

Yanvarın 25-də Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini verəcəyi ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Azərbaycanla sülh gündəliyinə sadiqliyinin əlaməti olaraq və humanitar mülahizələrə əsaslanaraq 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina xəritəsi verib.

Bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi cavab reaksiyasında Ermənistanın verdiyi mina xəritələrinin etibarlılığının 25 faiz təşkil etdiyini bildirmişdi.

Azərbaycanın rəsmi orqanları bildirir ki, azad olunmuş ərazilərdə indiyə qədər 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.

Son məlumata görə, bu günə kimi 342 nəfər mina partlayışının qurbanı olub.