“Müdafiə Xətti” Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşdiyini deyir

“Müdafiə Xətti” Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşdiyini deyir

12-09-2023 09:05 / Bu xəbər 748 dəfə oxundu

"Son üç ayda Azərbaycan Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib. İnsan hüqüqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdanılıb”.

Bu barədə "Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2023-cü ilin iyun, iyul, avqust ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir.

Hüquq müdafiə təşkilatı bildirir ki, Konstitusiyada təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları - hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq hüquqları, sərbəst toplaşmaq, vicdan, söz və fikir, mətbuat və məlumat azadlıqları pozulub, qanunsuz cəzalandırmalar geniş vüsət alıb.

"Dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə təminat verməyib. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ məhdudiyyətlərlə müşayiət edilib. Azərbaycan hökuməti hüquqi və siyasi açılımlara maraq göstərməyib, əksinə, tənqidçilərə qarşı repressiv tədbirləri genişləndirib. Hakimiyyət qollarına demokratik idarəetmə yad olub. Dövlət hakimiyyəti orqanları vətəndaş cəmiyyətinin, azad KİV-in, müstəqil hüquq-müdafiə institutlarının, bütövlükdə siyasi sistemin inkişafına maraq göstərməyib. Heç bir hüquqla məhdudlaşamayan möhkəmlənmiş avtoritarizm dövlət və cəmiyyət həyatının təməllərinə nüfuz edib. Parlamentin, məhkəmələrin üzərində ali icra hakimiyyətinin təsiri artıb”, - sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, ölkədə işgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar halları çoxalıb.

"Siyasi məhbusların sayı 200-ü ötüb. Şəxsi həyata zorakı müdaxilə, ifadə, mətbuat azadlığının məhdudlaşdırılması, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin, ictimai aktivistlərin, hüquq müdafiəçilərinin, siyasi xadimlərin, müxalif yönlü partiya rəhbərlərinin, iqtisadçıların, mühacir fəalların həbsi adiləşib”, - hüquq müdafiə təşkilatı belə hesab edir.

Sənəddə həmçinin deyilir ki, dövlət aparatında korrupsiya sistemli hal alıb, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” formal-deklarativ xarakter daşıyıb. 

2005-ci il yanvarın 1-dən qüvvədə olan "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna, eləcə də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na riayət edilməyib, həmin Qaydalarda göstərilən vəzifəli şəxslərin və ailə üzvlərinin əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar-bəyannamələr açıq mənbələrdə yerləşdirilməyib. Bunun nəticəsidir ki, Transparency International - Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb”.

"Müdafiə Xətti” hesab edir ki, dindarlara, xüsusilə, Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı sərt repressiv tədbirlər tətbiq edilib.

"Həbs edilən dindarlar bir qayda olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilsələr də hökumətin nəzarətində olan yazılı və elektron mediada "casuslar”, "dövlətə xəyanət edənlər” qismində göstəriliblər. İbtidai və məhkəmə istintaqında sübut növü kimi əməlliyyat müvəkkilərinin, polis idarə, şöbə və bölmələrində ştatdankənar "xidmət edən” şəxslərin "şahid” ifadələri diqqət çəkib. Azərbaycan və İran arasında siyasi, diplomatik münasibətlər sistemi gərgin fazaya qədəm qoyub, paralel olaraq şiə məzhəbinə etiqad edən, hakim siyasətlə razılaşmayan dindarlar qurama ittihamlar əsasında cəmiyyətdən təcrid ediliblər, saxlanılarkən psixi və fiziki zorakılıqlara məruz qalıblar. Bəzi hallarda saxlanılan dindarlar zorlanacaqları ilə hədələniblər”, sənəddə qeyd edilir.

Hesbatda siyasi partiyalara qarşı tətbiq ediləcək cərimələrə də diqqət çəkilib.

"Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tənqid etdiyi "Siyasi partiyalar haqqında" yeni qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməklə cərimələr müəyyənləşdirilib. Bundan sonra siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyətilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək. Bu və buna bənzər mürtəce xarakterli qanuni normaların qüvvəyə minməsi siyasətin icazəli xarakter almasından, sanksiyalaşdırılmasından xəbər verib, demokratik cəmiyyətin fəaliyyəti üçün əsas olan assosiasiyalar azadlığı hüququnun, birləşmə azadlığının, söz azadlığının həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurub”, - "Müdafiə Xətti” hesabatında bildirir.

Azərbaycanın rəsmi qurumları insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir. 

Yüksək rəsmilər ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların əqidəsinə görə təqib edimədiyini, söz və mətbuat azadlığının təmin edildiyini bildirir.

Hüquq mühafizə orqanlarının rəhbərləri isə işgəncə, qeyri-insani rəftarla bağlı deyilənləri bir qayda olaraq təkzib edir və bu kimi bəyanatları özünümüdafiə kimi qiymətləndirir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. 

Son illərdə hətta yükəsk ranqlı məmurlar korrupsiya ittihamı ilə həbs edilir.

"Ölkə rəhbəri indi öz komanda üzvlərinə ona xəyanət edən, uzun illər müxtəlif cinayətlər törədən şəxslərə qarşı daha sərt tədbirlərdədir. Məsələn, gördüyünüz kimi yeni təyin olunmuş nazir də çox qısa bir dövrdən sonra öz vəzifəsindən azad olundu. Ona görə də ölkə rəhbəri deyirdi ki, biz 21-ci əsrin tələbləri çərçivəsində fəaliyyət aparmalıyıq. 2020-ci ildə müqəddəs savaşdan sonra Azərbaycanda idarəetmə sisteminə tələblər artıb. Qalib xalq özünün məmurundan daha maksimalist, yaxşı yaşaması üçün istəklərdə bulunur. Ona görə də korrupsiyaya qarşı mübarizə bundan sonrakı dövrdə hökumətin, dövlətin ən başlıca prioritet hədəfində olmalıdır”, - Zahid Oruc bu yaxınlarda "Amerikanın Səsi"nə müsahibədə deyib.