Nazirlər Kabinetinin koronavirusla bağlı qərarının hüquqi qüvvəsi yoxdur - ANALİZ
13-04-2020 14:09 / Bu xəbər 1949 dəfə oxundu
Martın 24-dən aprelin 20-dək ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bu rejim dövründə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bir sıra qərarlar qəbul edilib.
Nazirlər Kabinetinin martın 30-da verdiyi qərara görə, insanların fərdi evlərində və mənzillərində, daimi və müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
İnsanların fərdi evlərdən və mənzillərdən çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Bu qərar aprelin 20-si gecə saat 12:00-dək qüvvədədir.
Nazirlər Kabinetinin koronavirus pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair aprelin 2-də verdiyi qərara görə, ölkə ərazisində müəyyən edilmiş qurumlarda və orqanlarda işləyən şəxslərdən başqa, bütün digər şəxslər yaşayış yerlərini yalnız icazə ilə və xüsusi hallarda tərk edə bilərlər.
Operativ Qərargahın həmin qərara dair yaydığı məlumatda bildirilir ki, digər şəxslərin yaşayış yerlərini tərk etmələrinə aşağıdakı hallarda icazə verilir: 1 – təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2 – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3 – yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bu hallarda yaşayış yerini tərk etmək istəyən şəxs icazə almaq məqsədilə 3 indeks kodundan birini SMS-lə 8103 nömrəsinə (SMS xidməti ödənişsizdir) göndərməlidir. Şəxslər yaşayış yerlərini yalnız icazə aldıqdan sonra tərk edə bilərlər. Bu qərar apreli 20-si gecə saat 12:00-dək qüvvədədir.
"Fakt Yoxla” Nazirlər Kabinetinin bu qərarlarının qanuna uyğun olub-olmadığını araşdırıb.
Konstitusiyanın 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni şəkildə ölkə ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər.
Konstitusiyanın 71-ci maddəsində isə qeyd olunur ki, insan və vətəndaş hüquq və azadlıqları Azərbaycanın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti şəkildə müharibə, hərbi və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən məhdudlaşdırıla bilər. Bu maddədə xüsusi karantin rejimi nəzərdə tutulmayıb.
Konstitusiyanın 71-ci maddəsinin I və IX bəndləri müəyyən edir ki, icra, məhkəmə və qanunvericilik hakimiyyəti orqanları Konstitusiyada müəyyən edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını qorumalıdır. Nazirlər Kabinetinin verdiyi qərarlar qanun hesab edilmədiyindən onların məcburi tətbiqi Konstitusiyaya ziddir. Heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri yerinə yetirməyə məcbur edilə bilməz.
"İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən, Konstitusiyada göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində göstərilən hüquq və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, eləcə də sağlamlığın və mənəviyyatın qorunması üçün məhdudlaşdırıla bilər.
Azərbaycanın 1992-ci ildə qoşulduğu "Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində qeyd edilir ki, insanların sərbəst hərəkəti dövlət təhlükəsizliyi, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının qorunması üçün məhdudlaşdırıla bilər.
Azərbaycanın 2001-ci ildə qoşulduğu "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə görə, insanların sərbəst hərəkətinə ictimai asayiş, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlər tətbiq edilə bilər.
Nazirlər Kabinetinin martın 30-da və aprelin 2-də verdiyi qərarlar "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsi ilə tənzimlənir.
Həmin maddəyə görə, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan höküməti, baş sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktik tədbirlərin görülməsi qaydasını və müddətini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Bu maddədən də göründüyü kimi, xüsusi rejimlər və karantin-təşkilat qaydaları yalnız müəyyən ərazilərdə və yoluxucu xəstəlik mənbələrində tətbiq oluna bilər.
Bundan başqa, Nazirlər Kabineti martın 30-da verdiyi qərarı rəsmi saytında dərc etməyib. "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 83-cü maddəsinə əsasən, Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi şəkildə dərc edilməlidir. Həmin Qanunun 82-ci maddəsinə görə, rəsmi dərc edilmə dedikdə qərarların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, ictimai radio və televiyiza kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur.
Bu Qanunun 85-ci maddəsi müəyyən edir ki, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin Qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Eləcə də, Konstitusiyanın Normativ hüquqi aktlar üzrə 149-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
Beləliklə, Konstitusiya, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq pakt və konvensiyalara görə, insan hüquq və əsas azadlıqları sağlamlığı qorumaq üçün qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. Bu halda Konstituiyanın 112-ci maddəsinə əsasən ölkə ərazisində fövqəladə vəziyyət elan olunmalıdır. Fövqəladə vəziyyət tətbiq edilmədiyi halda "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edilməli və bu dəyişikliklər Milli Məclis tərəfindən təsdiq olunmalıdır. Dəyişikliklər Milli Məclis tərəfindən qəbul edildikdən sonra insan hüquq və əsas azadlıqları məhdudlaşdırıla bilər.
"Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, yuxarıda qeyd edilən qərarlar insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnib. Nazirlər Kabinetinin martın 30-da verdiyi qərarın isə hüquqi qüvvəsi yoxdur.












